Azərbaycanda fəaliyyət göstərən 8 bankın təşəbbüsü ilə ölkədə ilk özəl kredit bürosu - "Azərbaycan Kredit Bürosu MMC yaradılıb.

Azərbaycan Banklar Assosiasiyasından Unikal.org-a verilən xəbərə görə, hazırda qurumun maddi-texniki bazasının formalaşdırılması və strategiyasının hazırlanması istiqamətində işlər aparılır.

Büro kredit təşkilatları ilə müqavilələrin imzalanması prosesinə başlayıb.

"Azərbaycan Beynəlxalq Bankı ASC, "Bank Respublika ASC, "Xalq Bank ASC, "Kapital Bank ASC, "PAŞA Bank ASC, "Rabitəbank ASC, "Unibank KB ASC və "Ziraat Bank Azərbaycan ASC-nin birgə təşəbbüsü ilə təsis olunan büronun baş direktoru Elçin Həbibov təyin edilib.

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək.