Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən martın 6-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
Komitədən unikal.org-a verilən məlumata görə, investorların özəlləşmə prosesinə marağını nəzərə alaraq budəfəki hərraca çıxarılan əmlakların çeşidi artırılıb. Belə ki, növbəti hərraca 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 42-i kiçik dövlət müəssisəsi, 82-i qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 17-i xidmət, 8-i kənd təsərrüfatı, 5-i iaşə, 6-sı təmir, qalanları isə sənaye sahəsinə aiddir.
Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərə Gəncə şəhərində yerləşən 69 saylı ictimai iaşəni nümunə kimi göstərmək olar. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 164,2 kvadratmetrdir.
Bundan başqa xidmət sahəsində də investorları cəlb edəcək əlverişli əmlaklar var. Yevlax şəhərində yerləşən 50 saylı mağaza belə obyektlərdəndir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 230 kvadratmetrə yaxındır.
Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. "Qazax ərazi yun tədarükü və qəbulu idarəsi belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 562,5 kvadratmetr, torpaq sahəsi isə 17 min kvadratmetrə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.
Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Daşkəsən rayonunda yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kvadratmetrə yaxın, torpaq sahəsi isə 40 min kvadratmetrdən çoxdur. Adıçəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.
Kirayə Təmir Sahəsi də əlverişli əmlaklardandır. Adı çəkilən əmlak Neftçalada yerləşir. Ərazi baxımından kifayət qədər optimal obyektdir. Həmin əmlakın torpaq sahəsi 11 min 500 kvadratmetrə yaxın, ümumi faydalı sahəsi isə 300 kvadratmetrdən çoxdur.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə sırasında "Zaqatala Fındıq, "Anar, "Xəzər Avtonəqliyyat, "Salyan Kəndkimya, "Lənkəran Mebel, "Əli Bayramlı Aqrotəmir və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bunlardan 13-ü Bakının Nərimanov, 11-i Binəqədi, 6-ı, Yasamal qalanları isə Sabunçu, Nizami, Qaradağ, Səbail, Xətai və Pirallahıda yerləşir. Regionlar üzrə qeyri-yaşayış sahələri Gəncədə, Sumqayıtda, Ucarda, Mingəçevirdə və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kvadratmetr ilə 420 kvadratmetr arasında dəyişir.
Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1372 manatla 2595 manat arasında dəyişir. İstehsal tarixləri isə 2008-2009-cu illəri əhatə edir. Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür.