Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.
Unikal.org xəbər verir ki, bu gün Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir.
Yük daşımaları Departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.
Xatırladaq ki, "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.