2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb.
Unikal.org bildirir ki, Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, cari ilin yanvar ayında ötən ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. Nəticədə, istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsində olub.
Dekabr ayı ilə müqayisədə yanvar ayı ərzində qoyun ətinin, südün, pendirin, kərə, zeytun və marqarin yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, kartofun, çay, qəhvə və kakaonun qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq və mal ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə nisbətən ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.
Cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların, kondisionerlərin, minik avtomobillərinin, televizorların, fərdi kompüterlərin, dəftərxana ləvazimatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ölkədən kənara istirahət turlarının qiymətlərində ucuzlaşma, avtomobillərin, məişət cihazlarının və ayaqqabıların təmiri xidmətlərinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.