Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" konfransı keçirilir.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, tədbirdə deputat Vahid Əhmədov da çıxış edib.
O bildirib ki, Vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur:
"Vergi Məcəlləsi 2000-ci ildə qəbul edilib, bunun üzərindən 17 il keçir, dünya dəyişir. Təklif edirəm ki, Vergilər Nazirliyi yeni məcəllə hazırlayıb parlamentə təqdim etsin.
Əhalinin Bakıya axınının qarşısını almaq üçün gərək yerli vergilər daha çox yerli qurumlara ödənilsin. Sadələşdirilmiş verginin miqdarı 200 min manatdır, amma artıq manat devalvasiya uğrayıb. Bu məbləğə yenidən baxış keçirilməlidir.
Əlavə dəyər vergisi niyə bütün məhsullar üçün 18 faizdir? Avropada elə məhsul var 5, elə məhsul var əlavə dəyər vergisi 30 faizdir. Bu rəqəm də differensiallaşdırılmalıdır.
Vergi yoxlamaları prezident tərəfindən dayandırılsa da, nazirliyə yoxlama icazəsi verilib. Yoxlama zamanı elə etmək lazımdır ki sahibkarların nüfuzuna xələl gətirilməsin.
"Sədərək", "Binə" və "Dərnəgül" kimi yerlərdən məhsul alan sahibkar vergilər nazirliyinə sənəd təqdim edə bilmirlər. Nazirlikdən xahiş edirəm ki, sənəd məsələsində də sahibkarlarımızı çox incitməsinlər.
Büdcə proqnozları verilərkən İqtisadiyyat Nazirliyi Vergilər Nazirliyi ilə bu məbləği razılaşdırsın. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm".