Dünyanın bir sıra ölkələrində (İtaliya, Cənubi Koreya, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və s.) quşlar arasında "quş qripi xəstəliyi qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edərək bildirib.
Qurumun açıqlamasında deyilir ki, hazırda bu xəstəlik Azərbaycanla həmsərhəd olan İranın da bir çox regionlarında müşahidə edilir. Qonşu ölkədən verilən məlumata görə, quşlar arasında "quş qripi virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 mln.-a qədər quş zərərsizləşdirilib. Həmçinin hər gün bu xəstəliyin yayıldığı bildirilib.
Bununla əlaqədar "quş qripi xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İrandan Azərbaycana diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib.
"Respublikamızın quşların "miqrasiya xətti üzərində yerləşməsini və qonşu ölkədə "quş qripi xəstəliyinin yayılmasını nəzərə alaraq DBNX əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları "quş qripi xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir. Hazırda "quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir, - deyə məlumatda qeyd olunub.