"Azərbaycan son 8 ildə sement idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Prezident İlham Əliyev Azərbaycanda tikinti materialları sektorunun fəaliyyətinə toxunaraq ölkəmizdə iri sement zavodlarının inşa edildiyini vurğulayıb. Bu sahəyə iri həcmdə investisiyaların cəlb edildiyini deyən dövlət başçısı Azərbaycanın artan iqtisadi potensialını, qəbul edilmiş regional inkişaf proqramlarının yerinə yetirilməsini nəzərə alaraq növbəti beşillik proqramda da dövlət tərəfindən maliyyələşdirilən mühüm infrastruktur və inşaat layihələrinin əksini tapacağını, mənzil inşaatının genişlənməsinin, yeni zavodların tikilməsinin, əhali artımının gələcəkdə sementə böyük tələbat yaradacağını bildirib: "Bu baxımdan bu sahəyə investisiya qoymaq niyyətində olan xarici şirkətlər bundan yalnız faydalana bilərlər. Qarşıya qoyulan məqsədlərdən biri özümüzü bütün tikinti materialları ilə 100 faiz təmin etməkdir. Nəzərə almaq lazımdır ki, bizim kifayət qədər xammalımız var və tikinti materialları sahəsində yerli istehsal son 10 ildə xeyli artıb.