Prezident İlham Əliyev "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda qeyd edilir ki, ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsini, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsini və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsini təmin etmək məqsədi ilə "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiq edilsin.

Dövlət Statistika Komitəsinə tapşırılır ki, sərəncamla təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin; Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə və Nazirlər Kabinetinə məlumat versin.

Maliyyə Nazirliyi sərəncamla təsdiq edilən Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.