"Azərbaycan Dəmir Yolları QSC-də Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri və xüsusilə də keçən ilin oktyabr ayında açılış mərasimi olan Bakı -Tbilisi - Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.
20-22 fevral 2018-ci ildə Vyanada keçirilən "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa biznes-forumu haqqında danışan C. Qurbanov, forum çərçıvəsində avstriyalı həmkarlarla, Avstriya Parlamentinin üzvü, Avstriya-Azərbaycan ikitərəfli parlament qrupunun sədri ilə bir sıra səmərəli görüşlərin keçirildiyini bildirib.
Avstriya Respublikasınınn Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardt bildirib ki, son illər Azərbaycan ilə Avstriya arasında hər sahədə, o cümlədən iqtisadi sahədə əlaqələr genişlənir. Avstriya tərəfi olaraq biz bu əlaqələrin intensivləşdirilməsində, infrasrtuktur layihələrinin icrasında iştirak etməyə maraqlıyıq.
Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Görüşdə Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, Azərbaycan Respublikasının Avstriya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak ediblər.
İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsi qərara alınıb.