55 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb.
Komitədən unikal.org-a verilən məlumata görə, martın 27-də keçiriləcək hərraca 55 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.
"Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir. Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaqla öyrənmək mümkündür. Qeyd edilməlidir ki, xarici investorları nəzərə alaraq hərracların elanları ingilis dilinə də tərcümə edilib və portalda yerləşdirilib", - deyə məlumatda vurğulanıb.
Komitədən bildirilib ki, özəlləşməyə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektin 4-ü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Şirvan, Zaqatala, Ağstafa və Cəlilabad rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Şirvan Mexanizasiya Sahəsi, Zaqatalada yerləşən 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsi kimi iri dövlət əmlakları var.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Hacıqabulda yerləşən 12/1 saylı mağazanı nümunə kimi göstərmək olar: "Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişli obyektdir. Obyektin ümumi faydalı sahəsi 70 kvadratmetrə yaxındır".
Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı paytaxtda, 8-i Sumqayıtda qalanları isə Mingəçevir şəhərində, Ağdaş rayonunda yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 18 kv.m ilə 124 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında "Mingəçevir Qum Çınqıl, "Yevlax Kəndkimya Təchizat, "Astara çay-3, "Şıxlar Broyler, "Ağcabədi Aqrotexservis, "Ucar ağac emalı kimi səhmdar cəmiyyətlər var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifidir. Həmin avtomobillərin buraxılış tarixləri 2004-2008-ci illəri əhatə edir.
Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.
"Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir", - deyə məlumatda vurğulanıb.