Mayın 6-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Dövlət Statistika Komitəsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib.

Unikal.org-un məlumatına görə, komitə əməkdaşlarına Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilərək bildirilib ki, mərkəz müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərir. Həmçinin mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir.

Nadir memarlıq nümunələrindən biri olan və çoxfunksiyalılığı ilə seçilən bu mərkəz artıq dünya memarlığı siyahısına daxil edilib. Mərkəzdə rəsmi qəbullar, müxtəlif beynəlxalq konfranslar, iclaslar, qlobal forumlar və digər tədbirlər təşkil edilir. Burada yaradılan Heydər Əliyev Muzeyi ilə tanışlıq da qonaqlarda böyük maraq doğurub. Dövlət Statistika Komitəsinin əməkdaşları muzeydə 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar.

Sonra diqqətə çatdırılıb ki, muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu, ulu öndər barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.

O da qeyd olunub ki, muzeyin ən maraqlı bölmələrindən biri də ümummilli liderin müxtəlif ölkələrin rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. Buradakı qlobusda ölkələrin üzərinə toxunmaqla arxa fonda ulu öndər Heydər Əliyevin dövlət başçıları ilə görüşlərinin və ümummilli liderə təqdim olunan hədiyyələrin fotoları əks olunur. Bundan əlavə, zalda ulu öndərin hərbi və mülki geyimləri, o cümlədən, onun iş masası da sərgilənir. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır.

Dövlət Statistika Komitəsinin əməkdaşları Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.