Göyə tuşlanmış möcüzə və ya erməni məkrindən qurtulan "Ulduz Evi"
11:41 16-08-2012
İQTİSADİYYAT
Göyə tuşlanmış möcüzə və ya erməni məkrindən qurtulan "Ulduz Evi"
...1959-cu ilin payızında Moskvaya Avropanın ən güclü teleskopu gətirildi. Bu teleskop Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyevin Azərbaycanda qurduğu ilk rəsədxana üçün nəzərdə tutulmuşdu. Ancaq o dövrdə, bütün ölkədə elm sahəsinə nəzarət edən Mikoyan teleskopun Ermənistandakı Bürəkan rəsədxanasına, oradakı köhnə teleskopun isə Azərbaycana göndərilməsi barədə göstəriş vermişdi.
Yusif Məmmədəliyev bu xəbəri eşidən kimi Moskvaya yola düşür, Mikoyandan daha imtiyazlı, vəzifəli şəxslərlə əlaqə yaradaraq, həmin teleskopun Azərbaycana gətirilməsinə nail olur. Bu prosesin hansı əzab-əziyyətlər hesabına başa gəldiyini təsəvvür eləmək çətin deyil. Beləcə, Azərbaycanda yeni bir nəhəng tikilinin əsası qoyuldu. Buradan Azərbaycan alimləri hüdudsuz göyləri, səma cismlərini, ulduzları və günəşi müşahidə edəcəkdilər. Bura Azərbaycanın "Ulduzlar evi" olacaqdı.
Qədim Babildən
başlanan yol...
Bu elm haqqında ilk elementar məlumatlar min illər bundan əvvəl Babildə, Misirdə və Çində məlum olsa da, yalnız orta əsrlərdən Orta Asiyada və Azərbaycanda təşəkkül tapmağa başlayıb. Orta Asiyada 10, 11, 15-ci əsrlərdə Əl Bəttanı, Biruni və Uluqbəy kimi alimlər astronomik müşahidələr aparmış, bu elmin inkişafında böyük rol oynamışlar. 13-cü əsrin əvvəllərindən isə böyük Azərbaycan astronomu Nəsirəddin Tusi Azərbaycanda ən böyük və ən gözəl Marağa rəsədxanasını qurmuşdu. Qısa müddətə dünyanın astronomiya mərkəzinə çevrilən rəsədxanada bu elmə dair 100-dən çox monoqrafiya hazırlanmışdı. Bu əsərlərdən 30-u şəxsən Tusinin özünə məxsus idi. Marağa rəsədxanasının çox zəngin kitabxanası da varmış. Rəsədxanada sistematik astronomik müşahidələr aparılmış və bu müşahidələr əsasında müasir dövrdə də elmi mahiyyətini itirməyən məşhur "Elxan cədvəlləri" tərtib olunmuşdu. 20-ci əsrin 20-ci illərini Azərbaycanda Milli Astronomiyada yeni inkişaf mərhələsi hesab eləmək olar.
Xankəndi,
Şuşa və Şamaxı...
Tarixi faktlar göstərir ki, Azərbaycanda rəsədxananın yaradılması fikri 1927-ci ildə Leninqrad Astronomiya İnstitutunun təşəbbüsü ilə ortaya çıxıb. Məhz həmin institutun əməkdaşları bu məqsədlə Azərbaycana ekspedisiya göndərir. O vaxtlar, həmin elmi ekspedisiya Xankəndində, Şuşada astronomik iqlim şəraiti ilə tanış olur və müşahidələr aparırlar. Ancaq o dövrdə Azərbaycanda Astronomiya üzrə tədqiqatçıların olmaması səbəbindən bu işlər yarımçıq qalır. Bu sahədəki boşluq 1938-ci ilə qədər davam edir. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti - müəl.) Astronomiya elminin tədrisə başlanması, Bakının bəzi ali təhsil mərkəzlərində Astronomiya elmin inkişafı üçün mühüm baza yaranmış oldu.
1946-53-cü illərdə respublikada Rəsədxananın tikilməsi məqsədilə Azərbaycanın müxtəlif rayonlarına bir neçə ekspedisiya təşkil edildi. 1953-cü ildə isə Azərbaycanda daimi Astronomik ekspedisiya fəaliyyət göstərməyə başladı. Şamaxı və Xızı rayonlarında aparılan müşahidələrin nəticələri ümumiləşdirilərək, 1953-cü il iyul ayının 20-də gələcək rəsədxananın tikilməsi üçün son qərar qəbul edildi. Rəsədxananın yaradılması ilə əlaqədar layihənin işlənməsi əvvəlcə Azərbaycan SSR Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda Astrofizika bölməsinin təşkili ilə bağlıdır. Sonradan bu şöbə müstəqil Astrofizika Bölməsi kimi Azərbaycan SSRİ Elmlər Akademiyasının tərkibinə daxil edildi. Nəhayət, 1959-cu il noyabr ayında Pirquluda Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) yaradılması barədə qərar qüvvəyə minir.
Niyə məhz Şamaxı?
Arayış:ŞAR Böyük Qafqaz dağının şimali-şərqində Bakıdan 150 km məsafədə Pirqulu dağının-şərq yamacında yerləşir (yüksəklik 1500 m, coğrafi koordinatları: 48 dərəcə 35 `04" E / 40 dəq 46 `20 N").
Sirr deyil ki, astronomiya müşahidə elmidir. Astronomiyada göy cisimləri haqqında bütün bilgilər uzun astronomik müşahidələr nəticəsində əldə edilir. Tarixdən məlumdur ki, əvvəllər astronomik müşahidələr adi gözlə aparılırdı. Teleskopun kəşfi ilə astronomik müşahidələr xeyli mükəmməlləşdi ki, bu da göy cismləri haqqında bilgilərin daha da zənginləşməsinə səbəb oldu. Deməli, məntiqlə düşünəndə aydın olur ki, qədimdən üzübəri rəsədxanalar göy cisimlərinin və göyün müxtəlif sahələrinin daha yaxşı müşahidə olunduğu yerdə tikilir. Bu baxımdan dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşən Şamaxı Astrofizika rəsədxanası dünya rəsədxanalarının əksəriyyətini qabaqlayır. Bura çətin müşahidə edilən Cənub Göyünün öyrənilməsində bir sıra üstünlüklərə malikdir. Müşahidə edilən aydın gecələrin sayı 190-200-ə çatan Şamaxı Rəsədxanası müsəlman aləmində ən böyük rəsədxanadır. Ümumiyyətlə, Şamaxı Astrofizika Rəsədxanasının yeri seçilərkən onun dəniz səviyyəsindən hündürlüyü, yaşayış məntəqələrindən uzaqlığı, atmosferin şəffaflığı və digər amillər əsas götürüldü. Astronomik tədqiqatların yüksək keyfiyyətinin təmin olunması üçün əlavə tədbir kimi Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il qərarı ilə Pirqulu dövlət qoruğu da yaradılıb.
Arayış: Aydın günlərin və gecələrin sayı 150-180 arasında dəyişir. Günlərin ən azı 40 faizi astrofizika müşahidələri üçün yaxşı keyfiyyətlidir. Astronomiya müşahidələri üçün ən yaxşı aylar dekabr, yanvar, iyul və avqust aylarıdır ki, bu aylarda aydın günlərin sayı maksimumdur. ŞAR-da aparılan Günəş müşahidələri imkan verir ki, digər rəsədxanalarda müşahidə zamanı mövcud olan boşluqlar doldurulsun. Günəş müşahidələri üçün ən yaxşı vaxt 2-3 saat ərzində Günəş xəyalının keyfiyyətinin daha yaxşı olduğu vaxt, yəni erkən səhər hesab olunur.
Mikoyanın gözaltı
elədiyi teleskop
Artıq deyildiyi kimi, rəsədxanaların əldə elədikləri elmi nəticələrin və apardıqları tədqiqatların uğurunun böyük hissəsi burada qurulmuş teleskopların keyfiyyəti və göstəriciləri ilə bağlıdır. ŞAR teleskopların sayına görə dünya rəsədxanalarının içərisində birincilərdəndir. Bununla yanaşı, Rəsədxanadakı diametri 2 m olan məşhur "Ulduz" teleskopu da dünyadakı bu tipli 4 qurğudan biridir. Belə ki, 2 metrlik teleskop almanların məşhur "Karl Zeys" optik firmasının məhsuludur. Onlardan cəmi 4 dənədir ki, bunlar da Almaniyada, Bolqarıstanda, Çexiyada və Azərbaycandadır. Bu teleskopları fərqləndirən cəhətlər sırasında güzgüsünün şəffaflığı, effektliliyi, səthinin cilalanması və güzgünün içərisində hava boşluğunun az olmasıdır. Güzgünün qalınlığı 40 sm, çəkisi 3 ton yarımdır. Ümumən çəkisi 85 tona bərabər bu teleskop Dünya oxuna paralel və ona perpendikulyar fırlana bilir. Müşahidə aparmaq üçün Teleskop kümbəzin açılan hissəsindən yuxarı tuşlanır. İndiyə qədər bu teleskop vasitəsilə Astronomiyaya məlum olmayan neçə-neçə elmi nəticələr əldə olunub. Bütün bunları diqqətə alanda vaxtilə Mikoyanın nəyə görə bu teleskopu Ermənistana yollamaq istəyinin səbəbləri məlum olur. Ancaq o da məlum olur ki, dahi alim və böyük vətəndaş Yusif Məmmədəliyev nəyə görə min əzab-əziyyətlə həmin teleskopun Azərbaycana gətirməsinə nail olub.
"Nizami", "Tusi",
"Cavid",
"Maqomayev" planetləri
ŞAR astrofizika və fundamental astronomiya sahəsində keçmiş sovet və post-sovet elmi proqramlarına böyük töhfələr verib. Rəsədxananın üç əsas elmi istiqaməti var: Ulduz fizikası; Günəş sistemi cisimlərinin tədqiqi və Günəş fizikası. Rəsədxanada, eləcə də aşağıdakı sahələr üzrə araşdırmalar aparılır: Günəş-Yer əlaqələri və kosmik hava, astronomiya tarixi, nəzəri astrofizika, kosmologiya, helioseysmologiya, radioastronomiya, praktiki astronomiya, göy mexanikası, qalaktikalar, süni peyklərin dinamikası və s. ŞAR həmçinin Azərbaycanda astronomiya və kosmik elm bilgilərin təbliğində və tədrisində mühüm rol oynayır. Hazırda ŞAR AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl və elmi istiqamətləri ilə uyğunluq təşkil edir. Bu fəaliyyət çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin və kometlərin müşahidəsi aparılır. Günəş-Yer əlaqələri çərçivəsində respublikanın səhiyyə, energetika strukturları ilə birgə işlər görən rəsədxananın tədqiqatlarının bəzi nəticələri praktiki məsələlərdə istifadə olunur.
Yeri gəlmişkən, onu da xatırladaq ki, mərasim və bayramların dəqiq vaxtları da ŞAR tərəfindən müvafiq dövlət strukturlarına və əhaliyə çatdırılır. ŞAR fəaliyyət göstərdiyi dövrdə minlərlə səma cisimlərinin xassələrini öyrənmiş, bir sıra kosmik proqramlarda iştirak etmişdir. Rəsədxana əməkdaşlarının aldıqları elmi nəticələr dünya alimləri tərəfindən yüksək qiymətləndirilmiş və 20-yə qədər əməkdaş bir sıra nüfuzlu elmi təşkilatlara üzv seçilmişdir. Marsda və Ayda bir sıra krater ŞAR əməkdaşlarının adını daşıyır. Azərbaycan astronomlarının qazandıqları nüfuzun nəticəsidir ki, beynəlxalq Astronomiya İttifaqı bir sıra kiçik planetlərə "Nizami", "Tusi", "Cavid", "Maqomayev" kimi adlar verib.
İbrahimovun Mars kəşfləri
ŞAR-nın əməkdaşları bir sıra dünya əhəmiyyətli kəşflərin də müəllifi olublar. Ən mükəmməl kəşflərdən biri isə mərhum alimimiz Nadir İbrahimovun adı ilə bağlıdır. O, uzun müddət teleskopda çalışıb və Mars planetinin 2000-dən çox fotoşəklini çəkib. Beləcə, bir neçə illər ərzində Marsın görünən hissəsinin şəklini çəkmiş alim planetin bizə görünməyən hissəsinin şəkillər əsasında xəritəsini tərtib eləmişdi. Vaxtilə, bu xəritəyə ciddi yanaşılmasa da, 80-ci illərin əvvəllərində Amerikadan Yupiterə göndərilən peyk Marsın görünməyən hissəsinin şəkillərini çəkib Yerə göndərdikdən sonra N.İbrahimovun bu qeyri-adi kəşfi ortaya çıxır. Şəkillərin müqayisəsi nəticəsində məlum olur ki, azərbaycanlı alim bir sıra istisnaları çıxmaq şərtilə Marsın görünməyən hissəsinin xəritəsini yaradıb. Strateji kosmik tədqiqatlarda və bütövlükdə Azərbaycan elminin inkişafında, respublikada kosmik sənayenin yaranmasında əhəmiyyəti nəzərə alınaraq, ölkə Prezidentinin sərəncamıyla Şamaxı Astrofizika Rəsədxanasının yenidən qurulması işlərinə başlanıb.
Qədim ənənə və
müasirlik bir arada
Azərbaycan elmi Qərbin çağdaş dəyərlərini və qoca Şərqin müdrikliyini özündə ehtiva edir. Hər iki sivilizasiya məkanlarının ilişgilərini, tarixilik və sanballılıq məsələlərini müqayisə etsək, bir Şərqli kimi öyünməli, qürurlanmalı məqamlarımız çoxdur. Qərblə Şərqin kəsişməsində yerləşən, Şərqə qapı rolunu oynayan Azərbaycanın Qafqazdan Urmiyaya, Dərbənddən Həmədana qədər uzanan barlı-bərəkətli çölləri, dağı-daşı, qayası özündə nə qədər ululuq, qədimlik, ərdəmlik yaşadırsa, bir o qədər də mədəniyyət, elm, şeir-sənət yaşatmaqdadır. Məmləkət tariximizin yaddaş salnaməsini vərəqlədikcə, orda qədim Şamaxı adına tez-tez rast gəlirik. Şamaxı haqqında hələ orta əsrlər dövründən burdan gəlib-getmiş səyyahlar, tarixçilər o qədər dolğun məlumatlar qoyub gediblər ki, bu gün də onlarla tanışlıq zamanı heyrətini saxlaya bilməzsən. Bu diyar dünyaca məşhur şəxsiyyətlərə - Nəsimiyə, Xaqaniyə, Seyid Əzimə, Sabirə vətən bərabər, həm də müasir Azərbaycan elminin dayaqlarından birini də qoynuna alıb.
Şamaxı Astrofizika Rəsədxanası - qədim Şamaxının qoynundakı bu "Ulduz Evi" bir daha sübut edir ki, Azərbaycan mədəniyyəti, elmi nə qədər qədim ənənələrə sahib olsa da, bir o qədər müasirdir, çağdaşdır...
İlham Tumas
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00