Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC satış yarmarkaların təşkilinə start verib.
Bu barədə Unikal.org-a ASC-dən məlumat verilib.
Yarmarkalar aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;
Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 59 (Təzə bazarın aşağı hissəsi);
Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 207 ("İdeal" şadlıq sarayının yanı);
Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı);
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ("Günəş" ticarət mərkəzinin ərazisi) ünvanlarında keçirilir.
"Yarmarkalarda əhaliyə təklif olunan məhsullar Səhmdar Cəmiyyətin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilatı dəstək verilib. Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq. Səhmdar Cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq "Eloba brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz ucuz satılacaq", - deyə məlumatda vurğulanıb.
Yarmarkalar mart ayının sonuna qədər fəaliyyət göstərəcək.