Kənd Təsərrüfatı Nazirliyi istehsalçılar üçün mobil proqram hazırlayır.
Unikal.org xəbər verir ki, bunu trend-ə nazirliyin aparat rəhbəri İlham Bayramov deyib.
İ.Bayramovun sözlərinə görə, söhbət bitkilərin yetişdirilməsi üçün texnoloji xəritədən gedir:
"Bu, torpaq sahiblərinə imkan verəcək ki, onlar səpin işlərinin hesablamasını həyata keçirsin. Proqram vasitəsilə səpin sahəsinin ərazisini, bitkilərin sortunu qeyd etməklə qoyuluşların həcmini və gözlənilən gəliri müəyyən etmək olar. Hesab edirik ki, bu proqram ilin ortasınadək istifadəyə veriləcək".
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi mobil platformalarda fermerlər üçün nəzərdə tutulmuş AGRO (FERM), "AgroUnion" və "VetPro App" proqramlarını da təqdim edib.
AGRO (FERM) fermerlərə öz məhsulları və xidmətlərini təklif etməyə imkan verəcək. "AgroUnion" texnoloji yeniliklərin tətbiqinə və kənd təsərrüfatının inkişafına yönəlib. "VetPro App" isə baytarların axtarışına imkan verən proqram olacaq.
Məlumata əsasən, bu proqramlar mütəxəssislər tərəfindən qiymətləndirildikdən sonra geniş istifadəyə təqdim olunacaq.