Abbas Abbasov Bakıya niyə gəlmir?
12:39 17-08-2012
İQTİSADİYYAT
Abbas Abbasov Bakıya niyə gəlmir?
Baş nazirin sabiq müavininin hakimiyyətlə əlaqələri qırılıb
Baş nazirin sabiq müavini Abbas Abbasov uzun müddətdir Bakıya gəlmir. Bunun onun öz istəyi olduğu, yoxsa başqa bir səbəblə bağlılığını söyləmək çətindir. Sadəcə, fakt ondan ibarətdir ki, keçmiş vitse-premyer Azərbaycana artıq aylardır ayaq basmır. Bu barədə adının çəkilməsini istəməyən mənbə bildirib.
Mənbənin sözlərinə görə, Abbas Abbasova hakim çevrələrdə münasibət əvvəlki kimi deyil, onun iqtidar içindəki mühüm kontaktlarının əhəmiyyətli hissəsi qırılıb: "O, görəvindən alınandan bir müddət sonrayadək mətbuat yazırdı ki, Abbas Abbasov vəzifədən çıxsa da mövcud hakimiyyətlə əlaqələri davam edir. Hazırda da onun iqtidarda sözü eşidilir. Xatırladaq ki, A.Abbasov istefaya prezidentdən orden alaraq çıxıb. Sabiq vitse-premyer iqtidarda ciddi fiqurlardan sayılmaqla yanaşı həm də böyük biznes imkanlarına malik idi. Bu da Abbasovun çəkisini əlavə xeyli artırırdı. Əlbəttə, bu yazılanlar həmin vaxt reallığı əks etdirirdi. Amma indi bu vəziyyət xeyli dəyişib. O, iqtidar içində əvvəlki qədər nüfuz və təsir imkanlarına malik deyil, hakimiyyətlə təmas imkanları böyük ölçüdə keçmişdə qalıb".
Hətta iqtidardakı bir çox qrupların Abbas Abbasov görəvdən alındıqdan bir müddət sonra onunla keçmiş haqq-hesabları çürütmək üçün intiqama başladıqlarını deyən mənbə buna misal kimi, onun bir çox obyektləri ilə bağlı baş verənləri xatırladır: "Məsələn, ötən ilin yayında ölkə mətbuatı yazırdı ki, həmin vaxt Gəncəyə təzəlikcə icra başçısı təyin olunmuş Elmar Vəliyev baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun ailəsinə məxsus böyük və qiymətli bir obyekti sökdürüb. Mətbuat yazırdı ki, həmin binanı vaxtilə Abbas Abbasov alıbmış və sonradan Milli Məclisin deputatı olan oğlunun adına özəlləşdiribmiş. Bildirilirdi ki, söküntüyə məruz qalan bina Gəncədəki Xan Bağının girişindəki Mədəniyyət klubudur. Binanın mülk kağızı da olub. Sadəcə, bina təmirsiz imiş. Qəzetlərin yazdıqlarına görə, Xan Bağının görüntüsünə xələl gəlməsin deyə tikili dörd tərəfdən hərbi təyinatlı brezent parça ilə əhatəyə alınıbmış. Təmirə başlamaq ərəfəsində imiş. Amma Elmar Vəliyev binanı elə sökdürüb ki, daşı-daş üstə qalmayıb. Belə məzmunda bir neçə başqa məlumat da son ilyarımda mətbuata ayaq açıb. Abbas Abbasovun adı qalmaqallı hadisələrə qarışdırılıb, ona qarşı tənqidlərin elə baş nazir müavini olduğu dövrdə olduğu kimi, intensiv və sürətlə yayıldığı diqqət çəkib. Bunlar belə anlama gələ bilər ki, kimlərsə sabiq vitse-premyerin Azərbaycanla kontaktlarını, hakimiyyətlə əvvəlki əlaqələrini qəbul və həzm edə bilmədikləri üçün onu hədəf seçməkdə davam edirdilər. İndi isə sabiq baş nazir müavini barədə xeyli müddətdir heç bir neqativ yazının, fikrin ortaya çıxmadığını görürük. Bu da maraq doğurur ki, həmin tənqidlər birdən birə niyə kəsildi?"
Mənbəmiz deyir ki, bu sualın cavabı aydın və sadədir: çünki artıq iqtidar içindəki hansısa qruplar Abbas Abbasovun hakimiyyətlə əlaqə, təmas imkanlarını tamamilə itirməsinə nail olublar, sabiq vitse-premyer indi onlar üçün ya tamamilə zərərsizdir, ya da köhnə məsələlərlə bağlı hesablaşmalar bitib, ona görə də onun ünvanına tənqidləri, "qara piar" kampaniyasını durdurmaq qərarlaşdırılıb.
Xatırladaq ki, baş nazirin sabiq birinci müavini olmuş Abbasov vəzifədən çıxdıqdan sonra hörmətli Abbas müəllim demək olar ki, Rusiyaya köçüb. Onun biznesinin böyük hissəsinin də orda olduğu bildirilir. Onun yəhudi əsilli iş adamı Telman İsmayılovla dostluq münasibəti və biznes şərikliyi var.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40