Xəbər verdiyimiz kimi, Azərbaycanın "Eurovision-2016" mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli Avropanın nüfuzlu yarışmasının finalına vəsiqə qazanıb.
Təmsilçimizin finala çıxması ölkəmizdə sevinclə qarşılanıb. Buna baxmayaraq Səmra Rəhimlinin açıq-saçıq geyimləri ötən günün ən çox müzakirə olunan mövzularından idi.
Sosial şəbəkələrdə Səmranın geyimləri ilə bağlı ardı-arası kəsilməyən müzakirələr aparılır, xoşagəlməz paylaşımlar edilir. Bəzi sosial şəbəkə istifadəçiləri Səmranın geyimlərinin Azərbaycan xanımına yaraşmadığını bildiriblər.
Millət vəkilləri Səmranın ünvanına səslənən iradlara münasibət bildirib.
Parlamentin Mədəniyyət komitəsinin üzvü Əflatun Amaşovun sözlərinə görə, Səmra Rəhimlini geyiminə görə tənqid etmək düzgün deyil, ona dəstək olmaq lazımdır.
"Hazırda hər birimiz təmsilçimizə dəstək olmalıyıq" - deyə bildirən deputat Səmranın geyimlərinin yarışın ruhuna uyğun olduğunu və iştirakçılara kifayət qədər sərbəstlik verildiyini deyib.
Millət vəkili Fəzail İbrahimli isə hesab edir ki, "Eurovision" təmsilçimizin geyiminə görə tənqidlərə məruz qalmasının arxasında erməni xisləti durur.
Deputatın sözlərinə görə, ermənilər hər bir sahədə Azərbaycan əleyhinə ideolaji müharibə aparırlar ki, bu da onun bir hissəsidir.
"Ermənilər bundan istifadə edib, Azərbaycana qarşı nifrətini göstərir, düşüncələrini ortaya qoyurlar. Bununlada onların sifətləri ortaya çıxır və özlərini dünyaya tanıdırlar. Ermənilər Azərbaycanın uğurlarını qəbul edə bilmirlər. Onların əlindən ancaq təxribat törətmək gələ bilər. Belə məqamda biz öz təmsilçimizi niyə tənqid etməliy ki? Ermənilərin gözü önündə bunu etmək olmaz. Hər bir Azərbaycan vətəndaşı Səmra Rəhimliyə dəstək verməlidir. Geyimləri onun seçimidir. Kimisə geyiminə görə təndiq etmək olmaz".(Azvision.az)