Cənub bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan "Şirvan Regional Elektrik Şəbəkəsi"ndə (REŞ) avadanlıqların daha dayanıqlı vəziyyətdə fəaliyyətinin təmin edilməsi, o cümlədən mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

 

"Azərenerji" ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən "Şirvan" REŞ-in balans mənsubiyyətinə aid olan yüksək gərginlikli hava xətləri və yarımstansiyalarda görülmüş təmir işləri barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, REŞ-in xidməti ərazisində enerjitəchizatı müəssisəsinin daha da keyfiyətli və davamlı elektrik enerjisi ilə təminatı kollektivin ən ümdə tapşırıqlarından biridir. Bu məqsədlə cari ilin son üç ayı ərzində 330 kV-lik 3-cü "İmişli" hava elektrik verilişi xəttinin (HEVX) iki kilometri əsaslı təmir edilmiş, metal dayaqlarda 40 metrə yaxın künclük bərpa edilmişdir. Eyni zamanda həmin dövrdə 220 kV-lik 3-cü "Masallı" HEVX-nin isə 11 kilometri təmir olunmuş və 130-dan artıq izolyator yenisi ilə əvəz edilmişdir.

Qeyd edək ki, analoji təmir işləri 110 kV-lik EVX-lərdə də aparılmışdır. Belə ki, 110 kV-lik 2-ci "Sabirabad" hava xəttinin (HX) 7 kilometri əsaslı təmir edilmiş, 290-a yaxın izolyator və iki ədəd xətt armaturu dəyişdirilmişdir. 3-cü "Sabirabad" HX-nin "Muğan-1" budaqlanmasının isə 1,5 kilometr hissəsi əsaslı təmir edilmiş, 90-a yaxın izolyator yenisi ilə əvəz edilmiş və altı ədəd xətt armaturu dəyişdirilmişdir. Ümumiyyətlə, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan 110 KV-lik HX-lərin ümimilikdə 60 kilometrə yaxın hissəsi təmir edilmiş, 1310-dan artıq izolyator dəyişdirilmiş və doqquz ədəd xətt armaturu yenisi ilə əvəz edilmişdir.

Mənbəyə istinadən onu da bildirək ki, həmin bu dövrdə REŞ-in balans mənsubiyyətinə daxil olan 330/220/110/35/10 kV-luq "İmişli" yarımstansiyasında 330 kV-luq 1 və 2 saylı eleqaz açarları, 110/35/10 kV-lik 1 saylı 25 MVA transformator, onun 110 və 35 kV-luq eleqaz açarları, 110 kV-luq 2-ci "Beyləqan", 35 kV-luq "Qaralar", "Cəfərli" HX-lərin eleqaz açarı və digər elektrik avadanlıqları təmir edilmişdir. Eyni zamanda, 110/35/10 kV-luq "Kürdəmir" yarımstansiyasında 1 saylı 25 MVA transformator, 35 və 10 kV-luq bir neçə HX-nin yağ açarları təmir edilmiş, 110 kV-luq I və II sistem şinlərdə isə ventil boşaldıcıları müasir tipli ifrat gərginlik məhdudlaşdırıcıları (İFM) ilə əvəz olunmuşdur.

Onu da qeyd edək ki, analoji işlər 110/10 kV-lik "Sığırlı", 110/35/10 kV-lik "Yeni Biləsuvar" və digər bir neşə yarımstansiyada həyata keçirilmişdir. Ümumiyyətlə, həmin bu dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan yarımstansiyalarda müxtəlif gərginlikdə və gücdə olan 10-a yaxın transformator və xeyli sayda 6-10 kV-luq yağ açarları təmir edilərək normal iş rejiminə gətirilmişdir.

Digər təmir işləri barəsində məlumat verən mənbə onu da bildirdi ki, mövcud iqlim şəraitində yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, xidməti ərazidə olan yarımstansiyaların ərazisi quru otlardan, yağ töküntülərindən təmizlənmiş, transformatorların, yağ qəbuledici qurğuların yağ ötürən hissələri yoxlanılmış, çınqıl örtüyü yenisi ilə əvəz edimişdir. Bunlardan əlavə yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmışdır. Yaz-yay mövsümü ilə əlaqədar bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. İldırımlı mövsümlə əlaqədar tədbirlər planı da hazırlanmışıdr. EVX-lərin trassası isə yaşıl kütlədən təmizlənmişdir. Eyni zamanda digər qabaqlayıcı tədbirlər də görülmüşdür

Yeri gəlmişkən, görüləcək işlərdən söz açan mənbə sonda onu da bildirdilər ki, mal-material və texniki cəhətdən isə heç bir problemləri yoxdur.