Xəbər verdiyimiz kimi, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o, seçici hüququndan istifadə etməyib.
 
Məsələ ilə bağlı "Unikal" saytı yenidən 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyevlə əlaqə saxlayıb.
 
O bildirib ki, nazir Oqtay Şirəliyev başqa məntəqədə səs vermək üçün onlardan çıxarış almayıb.
 
"Unikal" xəbər verir ki, səhiyyə nazirliyinin əməkdaşı Səfayə Əhmədova xəbər saytlarında məlumatımızı təkzib etdirmək istəyir. O bildirib ki, Oqtay Şirəliyev aprelin 11-də Bakının Səbail 29 saylı Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib. Azərbaycanın bəzi televiziya kanalları səsvermə anını işıqlandırıb.
 
Məsələ ilə bağlı "Unikal" təkrar 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsinin sədri Rüfət Həsənovla əlaqə saxlayıb. O bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyev 6 saylı məntəqədə səs verməyib:
 
"Oqtay müəllim burda səs verməyib. Çünki o, burada səs vermək üçün 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsindən çıxarış almalıydı. Oqtay müəllim də bizə belə çıxarış təqdim etməyib. Ona görə də nazir 6 saylı seçki məntəqəsində səs verə bilməz.
 
Qeyd edək ki, 2015-ci il Parlament Seçkilərində nazir Oqtay Şirəliyev Bakının Səbail rayon 29 saylı Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.
 
Asəf Rzayev