Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün bəyanatlarına rəğmən qarabağlı ermənilər yeni müharibəyə hazır deyillər. Daha doğrusu, onlar münaqişə zonasında hərbi əməliyyatların başlamasını istəmirlər. Qarabağlı ermənilər Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin çıxarılmasını, İrəvanın nəzarət etdiyi və Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini istəyirlər.
Rəsmi İrəvan, habelə Xankəndidəki separatçı rejim həmin torpaqlarımızı "bufer ərazilər" adlandırsa da, qarabağlı ermənilər işğal olunmuş məkanları onları hər hansı hücumdan qoruya biləcək bufer saymırlar.
Tam əksinə, qarabağlı ermənilər problemin mümkün qədər qısa zamanda, özü də dinc danışıqlar yolu ilə həllini istəyirlər.
İrəvandakı 1in.am-ın əməkdaşı, tanınmış erməni publisist Avetis Babacanyan Dağlıq Qarabağın erməni əhalisinin əhval-ruhiyyəsi ilə bağlı yazı yazıb.
Yazını qısa ixtisarlarla təqdim edirik.
"Dağlıq Qarabağda son vaxtlar bu sözləri bir qədər fərqli formada tez-tez eşitmək olar: "Artıq belə davam edə bilməz, qoy vəziyyət sakitləşsin, görək nə olur". Qarabağın sıravi sakinləri əmindirlər ki, apreldəki "dördgünlük müharibə"yə qədər olan situasiya artıq yaşanmayacaq. Çünki onlar "dördgünlük müharibə"yədək olan həyatı bundan sonra da yaşamaq istəmirlər. Daha doğrusu, onlar normal həyat yaşamaq istəyirlər.
Qarabağlı ermənilər onu da söylədilər ki, müharibə zamanı gələndə, həyatla risk etmək zərurəti yarananda hakimiyyətdəkilər dərhal onları xatırlayır, vətənpərvərlikdən, vəhdətdən, birlikdən danışır, "bu vətən hamımızındır, onu bir nəfər kimi qorumalıyıq" deyirlər. Lakin təhlükə sovuşanda, dinc dövr başlayanda bəlli olur ki, sən demə, Ermənistan təki, Dağlıq Qarabağ da cəmi bir neçə nəfərin mülkiyyətiymiş. Yerin təki, bütün resurslar və ehtiyatlar həmin adamlara məxsusdur. Dağlıq Qarabağdakı mis, qızıl və mərmər yataqları, su-elektrik stansiyalarının tikilə biləcəyi çaylar onların mülkiyyətidir. Qarabağda əgər bir qarış torpağın varsa, orada nə isə əkib-becərmək istəyirsənsə, bunu bacarmayacaqsan. Çünki tarlaları sulamaq üçün gərəkən su bir neçə adama məxsusdur. O adamları da qətiyyən maraqlandırmır ki, hansısa qarabağlı erməninin tarlası quruyacaq, onun ailəsi ac qalacaq.
Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra qarabağlı ermənilər arasında psixoloji inqilab baş verib. Səngərlərdə 19 gün olmuş hərbçi ilə geri qayıdırdıq. Artilleriyaçı idi, ehtiyatdan çağırılmışdı, döyüşə göndərilmişdi. Bax, o dedi ki, varlılar davranışlarını dəyişməsələr, hər şeyi öz mülkiyyəti saymağa davam etsələr, sadə camaat buna dözməyəcək. Partlayış olacaq.
"Belə vəziyyətdən bezmişik. Tanrıya and olsun ki, usanmışıq artıq! Çünki artıq dözmək mümkün deyil. Səhhətimlə, həyatımla boş-boşuna risk etmək, əvəzində heç nə almamaq istəmirəm. Məni burada adam saymırlar. Yalnız onların əmlakını, varidatını qorumaq üçün gərəyəm. Axı mənim də qoruyacağım, qorumaq istədiyim nəyimsə olmalıdır, yox?! Belə getsə, qarabağlı ermənilər buranı tam tərk edəcəklər. Onlar dözə bilmirlər, səbrləri tükənib", - o dedi.
Daha sonra yaşlı, qoca qarabağlı ermənilərlə görüşdüm. Onlar dedilər ki, "dördgünlük müharibə" Qarabağdakı cinayətkar hakim dəstənin şüuruna təsir etməlidir: "Daim varlanmaq, pulları artırmaq barədə yox, bizim kimi sadə insanların həyatının yaxşılaşmasını da düşünmək lazımdır".
Dağlıq Qarabağda bahaçılıqdır. Daha doğrusu, dəhşətli bahaçılıqdır. Hər şey bahadır - çörək, ət, qaz, benzin, ərzaq məhsulları. Ermənistandakı qiymətlərlə satılan mallar da var, amma onların sayı çox azdır. Yerli sakinlərin dediklərinə görə, Dağlıq Qarabağda hər şey inhisardadır. "Bako Saakyan milyonlar qazanır, amma bizi eşşək sayır. Sanki, heç nəyi anlamırıq", - qarabağlı ermənilər deyirlər (Bako Saakyan Dağlıq Qarabağdakı separatçı rejimin lideridir - O.H.)
Onların sözlərinə görə, "təsadüfi" insanın Dağlıq Qarabağa nə isə gətirib satması mümkün deyil.
Məsələn, Hadrutdakı dükan sahiblərindən biri deyir: "Artıq 9 aydır ki, Ermənistandan un gətirib satmağa qoymurlar. Bizi məcbur ediblər ki, yalnız burada istehsal olunan unu sataq. Dağlıq Qarabağdakı taxıl zəmilərinin, tarlaların kimə mənsub olduğunu, dəyirmanların sahibinin kim olduğunu hamı bilir. O adam istəmir ki, ucuz un gətirib sataq, çörəyin və unun qiyməti aşağı düşsün. Parfümeriya və ya maşınla bağlı qadağanı başa düşmək olar. Amma un?! Axı çörək kasıbların əsas yeməyidir. Yoxsul qarabağlı erməniləri aclığa məhkum etmək cəlladlıqdır".Un inhisarının kimsə məxsus olduğunu soruşanda isə dükan sahibi əvvəl susdu, sonra söylədi: "Başağrısı, problemlər istəmirəm. O adamın kim olduğunu hamı bilir. Balaca dükanım var, ailəmi güclə dolandırıram. Ad çəksəm, günü sabah gəlib deyəcəklər ki, bu dükan artıq mənə məxsus deyil, qanunsuz işləyirəm, sənədlərim də qaydasında deyil. Yox, Tanrı xətrinə, soruşmayın. Bura Dağlıq Qarabağdır - burada nəyin varsa, bir gündə əlindən alarlar, özünü də atarlar küçəyə. Guya ad çəksəm, nə olacaq ki?! Ermənistanda kəndləri satın alıb camaatı dilənçi vəziyyətinə qoyurlar - bəyəm küçələrə çıxıb etiraz etmək, qışqır-bağır salmaq, hüquqların qorunmasını tələb etmək kiməsə kömək edib?!"
Dağlıq Qarabağda mobil rabitə də çox bahadır. "Karabakh Telekom" burada inhisarçıdır. Qarabağlı ermənilər deyirlər ki, mobil telefonla danışmaq istəyən hər kəs ayda 1200 dram ödəməlidir. Üstəlik, 1 dəqiqəlik danışıq üçün təqribən 40 dram alırlar.
"Əvvəllər, "dördgünlük müharibə"yə qədər mobil telefonla danışıqlara orta hesabla 12 min dram pul çıxırdı. İndisə elə o qədər danışıram, amma 20 min dram alırlar", - Martuni rayonunun sakini deyir.
479 dram 1 ABŞ dollarıdır...
Hadrutdakı qoca sakinlərdən biri dedi: "Yaşımın elə vaxtıdır ki, artıq heç kimdən, heç nədən qorxmuram. Nə deyirəm, elə də yaz. Rəhbərliyimiz bizi kölə sayır, özləri isə cah-cəlal içində yaşayırlar. Mənsə istəyirəm tarlamı əkib-becərə bilim, acından ölməmək üçün azuqəm olsun.
İstəyirəm ki, tarlamı sulamaq istəyəndə deməsinlər ki, bütün su özünü "prezident" və "baş nazir" adlandıran adamların on minlərlə hektarlıq tarlalarının suvarılmasına gedir. Adam kimi yaşamaq istəyirəm, anlayırsan?! O torpaqlar isə... Onlar bizim olmayıb, bizim deyil. Bizim də olmayacaq. Hamısını Azərbaycana qaytaracaqlar. Belə olacaq, bil... Buradakı vəziyyətə gəldikdə isə - yuxarıdakılar dəyişməsə, partlayış olacaq".
Milli.Az