Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, başçəkmədə məqsəd ombudsmanın ünvanına daxil olmuş müraciətlərin, habelə müəssisədə saxlama şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.

Başçəkmə zamanı saxlanılma şəraiti ilə yanaşı, qidalanma, ərzaq təminatı araşdırılıb, bu məqsədlə həmin müəssisənin yeməkxanası və kameralarına baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətək qaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, qanunvericiliyin tələbləri izah olunub və ombudsmanın səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Ombudsmana müraciət etmiş şəxslərlə yanaşı, qəbul edilmiş digər şəxslər də müəssisə əməkdaşlarının onlarla rəftarından, müəssisədə saxlama şəraitindən şikayət etməyib, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Yekunda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.