Əflatun Amaşov: "Bəziləri naşılıqdan, digərləri sensasiya xətrinə, çox az qismi isə hissiyyata qapılaraq elə xəbərlər yayırlar ki, düşmən tərəf göydə axtarır"
Arzu Nağıyev: "Sensasiya xətrinə hətta Kürdəmiri də erməniyə verdilər"
"Müharibə aparan ölkə düşmənlə yalnız səngərlərdə üz-üzə dayanmır. Bundan da qorxulusu informasiya müharibəsidir. Çünki bu müharibədə qalib tərəf rəqibini küncə sıxışdırır, döyüş əhval-ruhiyyasini əlindən alır, bir növ sözlə tərksilah edir". Bu fikirlər Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşova məxsusdur. Unikal.org xəbər verir ki, o, bu sözləri "Yeni Müsavat"a son zamanlar sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanın əleyhinə gedən təbliğat materiallarını, eyni zamanda Qarabağ cəbhəsində baş verənlərlə bağlı bəzi yeni yaradılan, bir sıra hallarda sahibi və ünvanı bəlli olmayan saytların İP toplamaq üçün yeni qələbələr qazandığımız, rayonları azad etdiyimiz barədə yazdığı yazıları şərh edərkən söylədi.
Hətta rəsmi qurumlar da dəfələrlə bəyan ediblər ki, özlərini azərbaycanlı kimi təqdim edən bəzi sosial şəbəkə istifadəçilərinin əslində azərbaycanlı adlarından yararlanan ermənilər olduğu aydınlaşıb. Bu mənada informasiyaların yayılması zamanı ehtiyatlı olmaq, düşmən tələsinə düşməmək tövsiyə edilir. Bu mənada informasiya savaşı aparmaqla yanaşı, düşmənin toruna düşməmək, yaydığı saxta məlumatlara aldanmamaq da önəmli məsələdir.
Ə.Amaşovun sözlərinə görə, qarşı tərəfin sözlə tərksilah edilməsi hər iki tərəfdən bir-birinə qarşı tətbiq olunur. Ancaq onun fikrincə, bu vəziyyət elə də qorxulu deyil: "Qorxulu odur ki, rəqibə daxilimizdən rəvac verənlər tapılsın. Bəziləri naşılıqdan, digərləri sensasiya xətrinə, çox az qismi isə hissiyyata qapılaraq elə xəbərlər yayırlar ki, düşmən tərəf göydə axtarır. Söhbət daim hədəfdə olan ordu rəhbərliyindən, strateji nöqtələrdən, cəbhəyanı bolgələrdəki insanların psixoloji durumundan və digər məqamlardan gedir. Bu sayaq informasiyaların istər-istəməz müəyyən qismi insanlara təsir edir. Bunun özü də mənəvi itkidir. Deməli, belə fəsadlara qarşı bütün qurumlar, hər bir vətəndaş, oxucular, ən əsası qələm sahiblərimiz barışmaz mübarizə aparmalıdırlar".
Mətbuat Şurasının ayrı-ayrı saytlarla bağlı hansı tədbir görəcəklərinə gəldikdə, Ə.Amaşov dedi ki, aparılan mübarizə tədbirlərinə kompleks formatla dəstək verməlidir: "Yəni söhbət jurnalistlərimizin prosesə daimi aktiv yanaşmalarından, hadisələrinin arxasınca getməmələrindən, ən etibarli informasiya mənbəyi kimi Müdafiə Nazirliyi ilə əlaqələrini sıxlaşdirilmasından gedir. Zənnimizcə, bu, real, həyatın tələbindən doğan tövsiyələrimizə məsuliyyətsiz yanaşanların adlarının da açıqlanmasının da vaxtı yetişib".
Qeyd edək ki, Azərbaycan ordusunun uğurlu aprel döyüşlərindən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun hərbi əməliyyatlar zamanı taktiki səhvlərə yol verdiyi üçün tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayıb. Bu barədə saxta məlumatın dövriyyəyə buraxılması da suallar doğurdu. Əksər ekspertlər düşmən ölkədə məmnunluqla qarşılanan bu məlumatın əslində məqsədli şəkildə yayıldığını güman edirlər. Bəlkə də hansısa saytlar ciddi araşdırma aparmadan xəbəri yayıb. Ancaq ilkin mənbənin hansı məqsədlər güddüyü araşdırma tələb edir. Qeyd edək ki, artıq məsələ ilə bağlı Müdafiə Nazirliyin mətbuat xidmətindən sərt reaksiya verilib. Deyilib ki, bu tip xəbərlər böhtan xarakterlidir...
Milli təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Arzu Nağıyev də hesab edir ki, müşahidə olunanlar gedən müharibənin tərkib hissəsidir: "Yəni müharibə tək səngərlərdə getmir, eyni zamanda savaş xüsusi xidmət orqanlarının kabinetlərində hazırlanan əməliyyat tədbirlərindən də ibarətdir. Bura təxribatlar, yüksək vəzifəli hərbçilər haqqında nüfuzdan salan və ifşaedici materialların toplanması və ictimaiyyətə çatdırılmasından gedir. Təbii ki, bu məlumatları da yaymaq üçün öz inhisarlarında və nəzarətində olan kütləvi informasiya vasitələrindən, sosial şəbəkələrdən də istifadə edilir. Bu gün elə saytlar var ki, sensasiya xətrinə hətta Kürdəmiri də erməniyə verdilər. Deyərdim ki, bunların çoxu bilərəkdən belə edir, lakin gündəmdə qalmaq üçün edənlər də var. Düşünürəm ki, ermənilər də adekvat cavablar almalıdırlar və bu istiqamətdə işlər gedir".
A.Nağıyev deyir ki, bu kimi internet media resursları ilə mübarizə yollarından ən başlıcası belə saytların yazılarına ümumiyyətlə reaksiya verməməkdir: "Digər tərəfdən əsas məsələ məhz Müdafiə Nazirliyinin və ya digər cavabdeh qurumların mətbuat xidmətlərinin informasiya işini daha çevik qurmasıdır. Son zamanlar istər Müdafiə Nazirliyinin, istərsə də Xarici İşlər nazirliklərinin mətbuat xidmətləri bu istiqamətdə mühüm irəliləyişlər edib. Yəni rəsmi məlumatlar gecikməyəndə artıq sensasiya xətrinə məlumatların oxunmasına ehtiyac qalmır. Bundan başqa yalan informasiya yayan qurumlar haqqında mütəmadi olaraq profilaktik tədbirlər və ictimai qınaq mexanizmi həyata keçirilməli, ifşa edilməlidirlər".