"Transxəzər qaz kəmərinin tikintisi üzrə birtərəfli fəaliyyət yolverilməzdir".
 
Bunu Rusiya prezidentinin MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov "Caspian Energy" jurnalına müsahibəsində deyib.
 
İ. Bratçikov bildirib ki, məlum məsələ üzrə Rusiyanın mövqeyi ardıcıl və çox açıqdır: "Bütün mənalarda nadir su hövzəsi olan Xəzərdə magistral qaz kəmərinin tikintisinə hər şeydən əvvəl ekoloji prizmadan və yalnız bundan sonra iqtisadi baxımdan yanaşmaq lazımdır. Bu cür layihələrin iqtisadi tərəfi, effektivliyi və səmərəliliyi barədə qoy bu layihəyə sərmayə qoymağı planlaşdıranlar mühakimə yürütsünlər. Məsələnin ekoloji tərəfi isə ilk növbədə istisnasız olaraq bütün Xəzəryanı ölkələrə aiddir. Burada bütün Xəzəryanı dövlətlər səs hüququna malikdir, ona görə ki, Xəzər dənizinin gələcəyi barədə onların hamısı məsuliyyət daşıyır. Transxəzər qaz kəmərlərinin tikintisi üzrə birtərəfli fəaliyyət yolverilməzdir".
 
Qeyd edək ki, Transxəzər layihəsi Türkmənistan qazının Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Avropaya nəqlini nəzərdə tutur. Avropa İttifaqı bu layihəni dəstəkləyir. (APA)