Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün imtahan keçirib.
DİM-dən Unikal.org-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılıb.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb və 45 dəqiqə davam edib. İmtahanda iştirak etmək üçün 6172 abituriyent qeydiyyatdan keçib.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.
Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul və ya "qeyri-məqbulla qiymətləndirilir. Abituriyentin "məqbul alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.
Aprelin 23-dən başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur