Bakı şəhər sakini Natəvan Şükür qızı Əsədovanın paytaxt Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovla bağlı Prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova ünvanladığı şikayət hazırda Bakı Baş Polis İdarəsində araşdırılır. Artıq bununla bağlı şikayətçi tərəf ilk izahatlarını da veriblər.
Unikal.org xəbər verir ki, Natəvan Əsədova Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onların 57 min manatını mənimsəməkdə ittiham edir. Bakı Baş Polis İdarəsində aparılan araşdırma Baş Prokurorluğun rəhbərliyinin nəzarəti altındadır. Şikayətçinin hələlik Bakı Baş Polis İdarəsində aparılan araşdırma ilə bağlı narazılığı yoxdur.
Ancaq Müşfiq Abbasovun Prokurorluq orqanlarında işlədiyini və hüquq-mühafizə sistemində əlaqələrinin olduğunu nəzərə alaraq Bakı Baş Polis İdarəsində aparılan araşdırmanın nəzarətdə saxlanılmasını xahiş edir.
Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov ötən ilin avqustunda barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilər həbs edilmişdi.
Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmişdi. Bakı şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasov Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza alıb.