Keçən il Ağsu rayonunda iki nəfəri güllələyərək qətlə yetirən 63 yaşlı Ramiz Ələkbərova hökm oxunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsindən Lent.az-a verilən məlumata görə, Ağsuda 49 yaşlı Sərxan Soltanovu, daha sonra isə xalq artisti Mikayıl Mirzənin qardaşı oğlu Mahir Mirzəyevi güllələyərək qətlə yetirən R.Ələkbərova ömürlük həbs cəzası verilib.
1985-ci ildə R.Ələkbərovun qardaşı Tarif Ələkbərov müəmmalı yol qəzası nəticəsində dünyasını dəyişib.
R.Ələkbərov iddia edib ki, həmin qəza əvvəlcədən planlaşdırılıb və Sərxan Soltanov və Emin adlı digər şəxs tərəfindən həyata keçirilib. Nəhayət, olayın üstündən 30 il keçəndən sonra R.Ələkbərov S.Soltanovdan qisas almağın zamanının yetişdiyini düşünüb və onu aldadaraq kirayədə yaşadığı evə çağırıb. Burada o, S.Soltanovu güllələyərək öldürüb.
Növbəti qətlə - M.Mirzəyevin güllələnməsinə gəlincə isə R.Ələkbərov deyib ki, əslində onu öldürmək fikrində olmayıb. Belə ki, onun hadisədən bir neçə gün əvvəl M.Mirzəyevlə mübahisəsi düşüb. Mübahisə zamanı "Ata yurdu" restoranının sahibi olan M.Mirzəyev ona bacı söyüşü söyüb. R.Ələkbərov S.Soltanovu qətlə yetirdikdən sonra restorana gələrək bu haqq-hesabı da çəkmək qərarına gəlib və M.Mirzəyevə atəş açıb. Bundan sonra o, özünə məxsus olan avtomobillə Ağsu dolayları ilə Şamaxıya gəlib və buradan naməlum istiqamətə gedib.
R.Ələkbərov daha 3 nəfəri öldürəcəyi ilə bağlı deyilənləri təkzib edib və yalnız 1 nəfəri – 30 il əvvəl qardaşının düşdüyü qəzanı "təşkil edən"lərdən biri olan Emin adlı şəxsi qətlə yetirmək fikrində olduğunu deyib. Lakin nə qədər axtarsa da, Emini tapa bilməyib və planı baş tutmayıb.
Qeyd edək ki, keçən il martın 28-də Ağsu rayonunda iki nəfəri güllələyərək qətlə yetirən Ramiz Ələkbərov martın 30-da gecə saatlarında yerli polis şöbəsinə gələrək təslim olub. R.Ələkbərov kriminal aləmdə "Lomka Ramiz" adı ilə tanınıb.
Xalq artisti Mikayıl Mirzənin qardaşı oğlu Mahir Mirzəyev (Lent.az)