"Aprel hadisələri zamanı 6 mülki şəxs həyatını itirib".
Unikal.org apa-ya istinadən məlumatına görə, bunu Baş Prokurorluğun İstintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" mövzusunda keçirilən dinləmələr zamanı deyib. O bildirib ki, 641 yaşayış evinə ziyan vurulub və həmin evlər dağılıb: "Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozub. Mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb. Altı nəfərin ölümünə yaşayış məntəqələrinə atılmış mərmilərin qəlpələri səbəb olub. Sübutların toplanması istiqamətində işlər həyata keçirilir ".
Hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov nəzərə çatdırıb ki, 1988-ci ildən indiyə qədər hərbi cinayətlərlə əlaqədar 296 erməninin təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb: "Mən ümid edirəm ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq məhkəmə prosesi təşkil olunacaq. Bununla bağlı təqdim edəcəyimiz bütün sənədlər hazırdır".
S. Əhmədov qeyd edib ki, aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələri şiddətli atəşə tutulub: "Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub. Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib. Bununla bağlı Tərtər Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq aparılır. Eyni zamanda, 26-28 aprel tarixində Tərtər rayonun Əskipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış bir tor mərmisi aşkar edilib. Onun zəhərli, 122 mm çaplı tor mərmisi olduğu müəyyənləşdirilib. Cinayət işlərinin istintaqı davam etdirilir".
MM-in sədr müavini Bahar Muradova bu cinayətlərdən beynəlxalq ictimaiyyətin xəbərdar olmasının zəruriliyini vurğulayıb.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov bildirib ki, vətəndaşlar baş verən cinayətlərlə bağlı ərizələrlə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib: "Artıq aprel hadisələri ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə 2 şikayət göndərilib. Avropa Məhkəməsi bu şikayətlərə baxmağa qərar verib. Yaxın vaxtlarda şikayətlərlə bağlı kommunikasiya başlansa, Azərbaycan tərəfi müvafiq addımlar atacaq. Ermənistan tərəfdən isə iki nəfər Ermənistan hərbçilərinin Azərbaycan əsgərləri tərəfindən guya təhqir olunması iddiası ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Araşdırma zamanı məlum olub ki, o erməni əsgərlərinin meyitləri işğal altındakı ərazilərdə tapılıb və Azərbaycan ordusunun nəzarətindəki ərazilərdə olmayıb".
Ç. Əsgərov vəkillərdən əldə etdiyi məlumatlara əsasən bildirib ki, Ermənistan ordusu tərəfindən dağıdılmış evlərlə bağlı da Avropa Məhkəməsinə müraciətlər göndəriləcək: "İnsanlar dəymiş ziyana, evlərinin dağılmasına görə Avropa Məhkəməsinə müraciət etməlidirlər, çünki Avropa Konvensiyasına əsasən onların hüquqları pozulub. Mən onları Avropa Məhkəməsinə müraciətlə bağlı ərizələr hazırlamağa dəvət edirəm".