Dünən İsrailin "Zamanın çağırışları" informasiya-analitik portalında Mila Abramoviçin və Arye Qutun "İsrail sakininin Ermənistanda əsirlikdə olan oğlunun buraxılması barədə yalvarışları cavabsız qalıb" sərlövhəli məqaləsi dərc edilib (http://isp-ngo.com/?p=2449). Materialda 23 il bundan əvvəl Ermənistanda əsir düşmüş yəhudi mənşəli Azərbaycan əsgəri Vüqar Mikayılovun (Mixaylovun) taleyindən bəhs edilir.

Məqalə müəllifləri yazırlar ki, dünyada müharibələr və faciələr çox olub. Lakin onların ən dəhşətliləri insanların qəlbində silinməz izlər qoyub. Belə hadisələrdən biri ilə sizi də tanış etmək istərdik.

"Bu günlərdə Akko şəhərində Azərbaycan Dağ Yəhudilərini Əlaqələndirmə Mərkəzində Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Nexemiya Şirin Mixaeli ilə birlikdə Vüqar Mikayılovun ailəsi ilə görüşdük. Yəhudi mənşəli bu Azərbaycan əsgəri artıq 23 ildir ki, Ermənistanda əsirdir. Onun anası Nina Mikayılova hazırda İsrailin Kiryat Byalik şəhərində yaşayır. Nina Mikayılovanın sözlərinə görə, 90-cı illərdə bütün gənc yaşıdları kimi, Vüqar da Azərbaycanda orduya çağırılıb, orada şərəf və ləyaqətlə xidmət etməyə başlayıb.

1974-cü il yanvarın 4-də Göyçay şəhərində dünyaya göz acan Vüqar, kiçik yaşlarından çox intizamlı və məsuliyyətli oğlan idi.

Göz yaşlarını saxlaya bilməyən Nina xanım deyir: "Bizim digər qəhrəmanımız – Albert Aqarunov kimi, Vüqar da ordudan yayınmağa çalışmır, dostları ilə qalmaq istəyirdi. Qardaşı Qazaxıstana getməyi və orada işləməyi təklif etsə də, Vüqar Azərbaycanda qaldı.

1992-ci ilin iyul ayında Vüqar səfərbər edilərək 54/56 nömrəli polis batalyonuna göndərilmişdi, Füzuli rayonunun Şəkərcik kəndində xidmət edirdi. Cəbhədə olduğu müddətdə cəmi bir dəfə evə gəlmişdi. Vüqar evdə olanda oğlumu sonuncu dəfə gördüm və bu sonuncu görüşdə onu bərk-bərk qucaqladım, sanki ana qəlbimlə hiss edirdim ki, biz ayrı düşəcəyik".

Vüqar Mikayılovun (Mixaylovun) anasının sözlərinə görə, Vüqarın dostu, ağdaşlı Ramiz ailəsinə bildirib ki, 1993-cü il yanvarın 28-də Füzuli rayonunda erməni işğalçıları ilə döyüş zamanı Vüqar itkin düşüb. Vüqar öz yaralı dostunu xilas etmək istəyəndə onu da ayağından yaralayıblar, lakin o sağ qalıb.

Nina Mikayılova daha sonra deyir: "Vüqarın sinif yoldaşı – göyçaylı Azər onunla birlikdə ermənilərə əsir düşüb. Azər söyləyirdi ki, Vüqarı Xankəndi rayonundakı bir kəndin yaxınlığında görüb. Ermənilər orada Azərbaycan əsgərlərindən və dinc sakinlərdən işçi qüvvəsi kimi istifadə edirdilər. Azər Vüqarı görəndə mənim oğlum sağ-salamat olub. Azər dəhşətli erməni əsirliyindən az qala möcüzə sayəsində xilas ola bilib".

Vüqarın qardaşı İlqar Mikayılov (Mixaylov) deyir: "Çox istəyirəm ki, qardaşımı tapım. Onu qucaqlamaq, bağrıma basmaq istəyirəm. Bütün ailəmiz Vüqarın həsrətini çəkir, onun üçün çox darıxırıq. Bizdə olan məlumata görə, ermənilərə əsir düşmüş azərbaycanlılar ağlagəlməz dəhşətli işgəncələrə məruz qalır. Bu, dəhşətdir. Əsir və girov götürülmüş minlərlə günahsız azərbaycanlının qətlə yetirilməsi və onlarla qeyri-insani rəftar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən dəhşətli, qanlı səhifələrindən biridir".

Vüqarın anası ilə söhbətdən məlum oldu ki, Vüqarın atası, mərhum İbrahim Mikayılov ermənilərə əsir düşmüş Azərbaycan vətəndaşlarının söhbətlərindən oğlunun necə dəhşətli işgəncələrə məruz qalmasını biləndə onun ayrılığına dözməyib, 2006-cı ildə infarkt keçirib və vəfat edib. O, hiss edirdi ki, başqa əsirlərin başına gətirilənləri bizim oğlumuzun da başına gətirirlər. Nina xanım vurğulayır: "Ərim İbrahim daim oğlumuz Vüqarı tapmaq ümidi ilə yaşayırdı və bunun üçün hər şeyə hazır idi. Yadımdadır, Pasxa bayramı zamanı Ermənistanın keçmiş prezidenti Robert Koçaryan İsraildə səfərdə olanda ərim onunla görüşə bildi, lakin bu görüşün heç bir xeyri olmadı. Bu, ərimin sonuncu ümidi idi. Koçaryan kömək edəcəyinə söz verdi, lakin sözünün üstündə durmadı. Ermənistan rəhbərliyinin xainliyini bir daha sübut etdi. Bu hadisə ərimi tamam sarsıtdı və az sonra o, dünyasını dəyişdi. Buna görə də həm oğlumu, həm də ərimi itirməyimə bais olan ermənilərdir".

Nina xanımın sözlərinə görə, Mikayılovlar ailəsi hətta İsraildəki nüfuzlu ravvin-kabalistlərə də müraciət edib. Onlar bildiriblər ki, Vüqar Mikayılov sağdır və düşmən əlindədir, illər keçəcək, yenidən geniş miqyaslı müharibə başlayacaq və Vüqar digər azərbaycanlı əsirlərlə bərabər öz evinə qayıdacaq.

Nina Mikayılova deyib: "Oğlumun evə qayıtması üçün mənə və ailəmizə kömək edin. 23 ildir ki, onu görməmişəm, nəfəsini hiss etməmişəm. Bilirəm ki, Ermənistanda əsirlik faşistlərin əsirliyindən daha dəhşətli şərait deməkdir. 23 ildir ki, göz yaşlarım dayanmadan axır, mənim ana qəlbim oğlumun qayıtmasını gözləyir. Bu gün biz İsraildə yaşayırıq, lakin vətənimiz Azərbaycandır, onu heç vaxt unutmuruq. Azərbaycan daim qəlbimizdədir, biz Azərbaycanın uğurlarını daim böyük diqqətlə izləyirik".

Görüşdə iştirak edən Akko şəhərinin Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Nexemiya Şirin Mixaeli qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın döyünən ürəyi, bu xalqın mədəniyyət beşiyidir. O deyib: "Biz, əslən Azərbaycandan olan dağ yəhudiləri fəxr edirik ki, daşnak işğalçılara qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk milli qəhrəmanlarından biri bizim qardaşımız Albert Aqarunov olub. O, Azərbaycan və yəhudi xalqlarının mərdlik rəmzinə çevrilib. Bizim qəhrəman Albertlə bərabər Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan yəhudilər çox olub, lakin itkin düşənlər də var. Onlardan biri indi haqqında danışdığımız adam – mənim yaxın qohumum Vüqar Mikayılovdur. Bu gün Mikayılovların (Mixaylovların) böyük ailəsi İsrailin müxtəlif şəhərlərində yaşayır. Vüqarın anası, böyük qardaşı və bacısı çox ümid edir və səbirsizliklə gözləyir ki, erməni əsirliyində 23 il girov saxlanılan oğullarını və qardaşlarını tapa biləcəklər".

Müəlliflər məqalənin sonunda sual edirlər: Nə üçün ermənilər Vüqarın yəhudi olmasını bilsələr də onu buraxmırlar? Axı Ermənistanda əsir saxlanan hər kəs barədə məlumat toplanıb və təbii ki, istintaqlar zamanı Vüqar yəhudi olmasını deyib. Burada bir neçə səbəb ola bilər.

Birinci səbəb – Ermənistanda yəhudilərə mənfi münasibət bəsləyirlər, çünki burada antisemitizm hökm sürür və yəhudilərin Ermənistanı tərk etməsinin əsas səbəblərindən biri budur. Gəlin unutmayaq ki, bu ölkədə general Dro və general Njde kimi faşistlərə hələ də pərəstiş edirlər. halbuki onlar İkinci Dünya Müharibəsi dövründə Krımda 30.000 yəhudini məhv ediblər.

İkinci səbəb – Vüqar Mikayılov (Mixaylov) erməni faşistlərinin əsir düşərgələrində azərbaycanlılara qarşı faşistcəsinə vəhşiliklərinin şahidi və qurbanıdır və buna görə ermənilər onun canlı şahid kimi buraxmağa qorxurlar.

Burada daha bir sual yaranır: Ermənistandakı yəhudi icmasının başçısı Rimma Varjepetyan nə üçün indiyə qədər bu yəhudi ailəsinə kömək etməyib? Axı o da anadır və İsraildən olan yəhudi ananın hisslərini yaxşı başa düşə bilər, lakin təəssüf ki, susur, Sarkisyanın terrorçu rejiminin sifarişlərini yerinə yetirir.

Buna baxmayaraq, Mikayılovlar ailəsi hələ də Ermənistandan cavab gözləyir.


azertag