Rusiya Dəniz Registri ilə səmərəli əməkdaşlıq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" üçün gündəlikdə duran ən vacib məsələlərdəndir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, bu fikirlər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin Bakıda işgüzar səfərdə olan Rusiya Dəniz Registrinin baş direktoru Konstantin Palnikovla görüşü zamanı səsləndirilib.
Görüşdə bu nüfuzlu təsnifat cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şaban Quliyev, gəmiçiliyin məsul şəxsləri iştirak ediblər.
Qonaq ötən ilin oktyabrında Rusiya Dəniz Registrinin baş direktoru təyin olunduqdan sonra Bakıya ilk dəfə səfərə gəldiyini qeyd edərək, Azərbaycanın dəniz nəqliyyatı, gəmiqayırma və gəmi təmiri sənayesi ilə yaxından tanışlıq imkanlarından razı qaldığını söyləyib.
K.Palnikov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı yeniliklər, aktual tələblər barədə məlumat verib, gəmiçiliklə əməkdaşlığın çoxillik tarixini yüksək qiymətləndirib. Onun fikrincə, bu qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi hər iki qurumun maraqlarına cavab verir.
Gəmiçiliyin sədri Rauf Vəliyev Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində atılan addımlar, gəmilərin texniki vəziyyətinə nəzarət və sair məsələlərdən ətraflı söhbət açıb. Bildirib ki, dəniz nəqliyyatı, başqa nəqliyyat sahələri kimi, daim ölkə rəhbərliyinin diqqətindədir və Azərbaycanın tranzit potensialının gerçəkləşdirilməsində, Avropa ilə Asiya arasında yükdaşımalarda, dənizdə həyata keçirilən nəhəng neft-qaz layihələrinin təminatında çox mühüm rol oynayır. Odur ki, bizim gəmilərin texniki cəhətdən müasir tələblərə cavab verməsi, bu sahədə Rusiya Dəniz Registri ilə səmərəli əməkdaşlıq gündəlikdə duran ən vacib məsələlərdəndir.
Səmimi dialoq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.