İran İslam Şurası Məclisinin (parlament) bu gün keçirilən iclasında çıxış edən deputatlar ABŞ-ın birtərəfli qaydada Nüvə sazişindən çıxmasını müzakirə ediblər.

Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, deputatlar hökumətə müraciət qəbul edərək onun ABŞ-a qarşı atacağı bütün addımlarını dəstəkləyəcəklərini bildiriblər.

Bəzi deputatlar qeyd ediblər ki, ABŞ-ın sazişdən çıxmasından sonra hökumət necə siyasət aparacağı barədə plan hazırlamalı və həmin planı parlamentə təqdim etməlidir.

İclasın gedişində deputatlar 2015-ci ildə İranla Almaniyanın iştirakı ilə ABŞ və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında İranın nüvə proqramının məhdudlaşdırılması haqqındakı sazişi yandırıblar. Bəzi deputatlar isə hökuməti nüvə proqramını bərpa etməyə və nüvə silahı hazırlamağa çağırıb.