Xəbər verdiyimiz kimi, ötən gün "Eurovision 2018 mahnı müsabiqəsinin ilk yarım finalı keçirilib və müsabiqədə ilk olaraq səhnəyə çıxan təmsilçimiz Aysel Məmmədova finala keçə bilməyib.
Unikal.org xəbər verir ki, 28 yaşlı ifaçı sosial media hesabında yarışma ərzində ona dəstək olan hər kəsə təşəkkür edib və finala keçə bilməməsi haqda bunları qeyd edib:
"Əziz dostlar, xoş sözlərinizə görə minnətdaram. Əlbəttə, bu, sizin kimi bizə də böyük sürpriz oldu. Çünki neçə aydır, bütün ruhumuzu və gücümüzü bu işə qoymuşuq. Amma, təəssüflər olsun ki, "Eurovision alqoritmi haqda əvvəlcədən nəsə söyləmək çətindir.
İlk gündən bizimlə olan, bu layihədə ən kiçik detallara qədər belə əziyyəti keçən hər kəsə təşşəkkür etmək istəyirəm. Müsabiqə boyunca inanılmaz təcrübə, pozitiv emosiya və təəssüratlar topladım. Çoxlu istedadlı musiqiçilər və yaxşı insanlarla tanış oldum.
Bir musiqiçi kimi mənim əsas və başlıca məqsədim ölkəmi layiqincə təmsil etmək idi ki, mən də bunu 100% bacardım. Biz bunu etdik, amma vəziyyətin gedişinə təsir göstərmək üçün gücüm yox idi.
Son olaraq demək istəyirəm ki, "Nə baş verirsə, yaxşılığa doğru baş verir", mən buna inanıram. Bir daha təşəkkürlər!".
Qeyd edək ki, Azərbaycan 10 ildir iştirak etdiyi "Eurovisionda ilk dəfədir ki, finala keçə bilməyib.