Prezident İlham Əliyevin 3 may 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn məsələlərin müzakirəsi məqsədilə Dövlət Gömrük Komitəsinin (DGK) Aksiz Baş Gömrük İdarəsində görüş keçirilib.
Bu barədə unikal.org-a DGK-dan məlumat verilib.
Məlumata görə, idarənin rəisi Ehtiram Xəlilovla Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov arasında keçirilən görüşdə qeyd edilib ki, Dövlət Proqramında şərabçılığın aqrar-sənaye kompleksinin ən rentabelli və ən qədim sahələrindən biri kimi göstərilməsi bu sahənin daha da inkişaf etdirilməsi üçün istehsalçıların və müvafiq dövlət qurumlarının imkanlarının səfərbər olunmasını zəruriləşdirir. Dövlət Proqramında aksiz markalarının hər növ içkiyə görə fərqli təsvirdə hazırlanması və qablaşma həcminin aksiz markasında göstərilməsi, Rusiya ilə Azərbaycan dövlət sərhədindən keçiddə avtomobil aksiz postunun yaradılması ilə bağlı Rusiyanın aidiyyəti dövlət qurumları ilə danışıqların aparılması, eləcə də saxta aksiz markalarından istifadəyə qarşı mübarizənin gücləndirilməsi kimi mühüm məsələlərin həlli müvafiq dövlət qurumlarına, o cümlədən DGK-ya tapşırılıb.
Görüşdə iki qurumun birgə səyləri nəticəsində milli şərabçılığın inkişafına mane olan amillərin, eləcə də əsassız vaxt itkisi və əmək sərfiyyatına yol verilməsi hallarının aradan qalxacağına əminlik ifadə edilib. Bunun da şərab məhsulunun istehsal və ixrac potensialının dəfələrlə artmasına səbəb olacağı vurğulanıb.
Eyni zamanda, qeyd edilib ki, ölkədə şərab istehsalının artırılması, daxili bazarda şərab satışının dəstəklənməsi, yerli və idxal olunan şərab məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi kimi kompleks tədbirlərin görülməsi üçün bütün aidiyyəti strukturların bu işə cəlb edilməsi zəruridir.
Görüşdə qarşıda duran problemlərin həlli istiqamətində birgə fəaliyət aparılması barədə razılıq əldə edilib, görüləcək işlərlə bağlı konkret məsələlər və təkliflər müzakirə olunub.