Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 13-də Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat təqdim edib.
ANAMA-nın mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Tərtər rayonunun Ağkənd kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 14 min kvadratmetr ərazi yoxlanılıb. Qazyan kəndində iki ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 10 min kvadratmetr ərazi yoxlanılıb. Qaynaq kəndində üç otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, 600 kvadratmetr ərazi yoxlama işi aparılıb.
Ağdam rayonunun Çəmənli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib Beş min kvadratmetr ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Füzuli rayonunun Şükürbəyli kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 420 kvadratmetr ərazi qəlpələrdən təmizlənib, PHS aşkar olunmayıb.
Mayın 13-də 5 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 15 partlayış yerinə baxış keçirilib, gün ərzində 30 min 20 kvadratmetr ərazi təmizlənib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən mayın 13-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakıda 474 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 12 fermaya, əkin sahələrinə və çaxır zavodu ərazisinə baxış keçirilib. 1420 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.