Xəbər verdiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin mayında üç mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə keçirir.
Unikal.org-un məlumatına görə, müsabiqədə iştirak etmək istəyən 393 müəllim mayın 3-dən 10-dək miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlər müvafiq sənədləri mayın 12-dək BŞTİ-yə təqdim ediblər.
Müsabiqənin elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıblar.
Müsabiqənin test imtahanı mərhələsi mayın 14-də saat 09.00-da və 11.00 –də keçiriləcək. Test imtahanında iştirak edəcək müəllimlər imtahanın başlanma vaxtından otuz dəqiqə əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında (Həsən Əliyev 135, Gənclik korpusu) olmalıdırlar.
Müsabiqənin ikinci (test imtahanı) mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslərin) şəxsi səhifəsində yerləşdirilib. Eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndərilib.
Qeyd edək ki, müsabiqəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir. Şəxsiyyət vəsiqəsinin əslinin təqdim etməyənlər müsabiqəyə buraxılmayacaq.