Səhvən çıxarılan hökm səbəbindən ömrünün 23 ilini dəmir barmaqlıqlar arxasında keçirən Çin vətəndaşı hökumətdən 2,8 milyon yuan (420 min dollara yaxın) təzminat alıb.
Unikal.org Azərtac-a istinadla xəbər verir ki, Çen Man 1992-ci ildə yaşayış evində ölümlə nəticələnən yanğın təşkil etdiyi şübhəsi ilə həbs olunub. İki il sonra müttəhim icrası təxirə salınmış ölüm cəzasına məhkum edilib. Çen Man cinayətin zorla boynuna qoyulduğunu, işgəncəyə məruz qaldığını bildirərək, işə yenidən baxılmasını dönə-dönə tələb edib. Yalnız 2015-ci ilin fevralında məhkəmə cinayət işinə yenidən baxmaq qərarına gəlib. Nəticədə o, bəraət alaraq 2016-cı ilin fevralında azadlığa buraxılıb.
Azad ediləndən sonra Çen Man hökumətdən təzminat qismində 9,65 milyon yuan (1,48 milyon dollar) tələb edib. Məhkəmə tələbi qanuni hesab edərək hökumətin bu məbləğin bir hissəsini ödəməli olduğu barədə qərar çıxarıb. Nəticədə günahsız çinliyə ölkə üzrə orta günlük əməkhaqqı nəzərə alınmaqla 8347 sutka həbs üçün 1,85 milyon yuan veriləcək, qalan məbləğ isə mənəvi zərərə görə təzminat qismində ödəniləcək.