Azərbaycanda 2016-cı ilin I rübündə valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.
Unikal.org xəbər verir ki, Mərkəzi Bankdan Report-a verilən məlumata görə, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,7 dəfə azalıb.
Xəbərə görə, ilin ötən dövründə valyuta bazarında əməliyyatların 82%-i ABŞ dollarında, 18%-i digər valyutalarda aparılıb.
Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ilin yanvar-mart aylarında banklar tərəfindən satılan xalis nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 55 dəfə azalaraq 79 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 3,5 dəfə azalaraq 69 mln. avro təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, nağd xarici valyutaya tələbin azalması şəraitində rüb ərzində banklar tərəfindən gətirilən nağd ABŞ dolları ötən ilin müvafiq dövrünə nisbətən 6.2 dəfə azalıb: "Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Xarici valyutaya tələbin azalmasının əsas amillərindən biri mal və xidmət idxalının azalması olub. Bundan başqa, ötən dövrdə müşahidə olunan dollarlaşma prosesinin səngiməsi də xarici valyutaya tələbin azalmasında rol oynayıb".
Valyuta təklifinin aşağı düşməsi əsasən Dövlət Neft Fondu tərəfindən (ARDNF) valyuta satışlarının azalması ilə əlaqədar olub. Belə ki, ARDNF-in xarici valyuta satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% azalıb. Digər mənbələrdən də (xaricdən pul baratları, ixrac və s) xarici valyuta təklifinin azalması bu ilin I rübündə davam edib.
Məlumata əsasən, I rüb ərzində ümumilikdə 33 hərrac keçirilib. Tələb 12 hərracda təklifi üstələdiyi halda, 21 hərracda tam qarşılanıb. Hərraclarda orta günlük tələb 132 mln. ABŞ dolları, təklif isə 148 mln. dollar təşkil edib. Mərkəzi Bankın təşkil etdiyi valyuta hərracları çərçivəsində ARDNF-nun xarici valyuta satışları ümumilikdə 1 253 mln. ABŞ dolları olub.
Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 4 mlrd. dollar təşkil edir. Bununla belə, Mərkəzi Bankın valyuta ehtiyatları 2016-cı ilə gözlənilən 3 aylıq mal və xidmət idxalını əhəmiyyətli üstələyir.