Gəncənin "Vətən" mehmanxanasında məskunlaşan məcburi köçkünlərin vəziyyəti heç də ürəkaçan deyil.
Gəncədə "Vətən" mehmanxanasının harada yerləşdiyini bilən, yəqin ki, az adam tapılar.Lakin binada məskunlaşan məcburi köçkünlər yaşadıqları tikilinin aqibətindən olduqca narahatdır.
Oqtay Ağayev - sakin: "Dərsimi yazanda su damcılayır dəftər-kitabıma, onda da yazı yazmağıma mane olur. Çünki su damcılayır və dəftər kitabımın üzərindəki yazıları pozur".
Unikal.org Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, tavandan axan su, yararsız pəncərələr, çürük döşəmə, santexnika qovşağının normal işləməməsi Oqtay Ağayevin ailəsi kimi binada məskunlaşan daha 39 ailəni narahat edir. Məcburi köçkünlər illərdir yığılan problemlərin binanı da qəzalı vəziyyətə saldığını deyir.
Qələndər Qasımov - sakin: "Qapım xarab, pəncərəm xarab, tökülür. Hamamım uçub tökülür başıma. Şəraitim yoxdur. Hər yer uçub tökülür. Bu binada bir sağ yer yoxdur ki, deyəsən burada sağ yer var, ya yox".
Gülyaz Verdiyeva - sakin: "Bax gör nə gündədir, hamısı sudur. Qutuların altı gömgöydur, sudur. Burada da mən uşaq saxlayıram. Bütün su oradan axır, bunun altı sudur. Gör nə qədər qutular düzmüşəm. Yorğan-döşəyin hamısı sudur. O paltarın hamısı nəmdir, çıxardıb tökmüşük ki, günün altında qurusun. Bunun altı bütün sudur, uşaq da bunun üstündə yatır".
Şəraitsizliyin yaratdığı antisanitar vəziyyət də yaşayış üçün təhlükə yaradır. 24 ildir pənah gətirdikləri Gəncədəki bu mehmanxana binasında sığınanlar əlaqədar qurumlardan kömək istəyir.
Rasimə Məmmədova - sakin: "Biz bir otaqlı evdə gələcəyin üç əsgərini böyüdürük. Kanalizasiya xətti işləmir, su xətti işləmir. Xahiş edirik binamıza özünüz baxasız, əncam çəkəsiz".
Məcburi köçkünlərin işləri ilə məşğul olan qurum kimi müraciət etdiyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən vəziyyətdən agah olduqları söylənildi. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov binada yaşayanların gələcək aqibəti məsələsinə bu cür münasibət bildirdi.
"Hal- hazırda komitənin balansında, Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış kompleksində boş mənzil yoxdur. Yəni hazırda komitənin balansında boş mənzil yoxdur, ona görə də orada yaşayan ailələrin yeni mənzilə köçürülməsi imkan xaricindədir. O ki qaldı Nazirlər Kabinetinin 1999-cu il, 24 dekabr tarixində 200 nömrəli qərarı var. O qərarda da bildirilir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarələr, müəssisə və təşkilat, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir".
Gəncə Şəhər İcra Hakimiyyətindən, daha doğrusu təsərrüfat sahəsi üzrə səlahiyyətli şəxslərdən məsələyə münasibət öyrənmək mümkün olmadığından bina ilə bağlı planların olub-olmadığı barədə məlumat əldə edə bilmədik. Lakin ümid edək ki, məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün ölkədə, eləcə də Gəncədə görülən məqsədyönlü tədbirlər "Vətən" mehmanxanasında məskunlaşanların da üzünü güldürər.