Sovet İttifaqının dağılmasından 30 ilə yaxın bir vaxt keçir. Ukraynanın Jitomir vilayətinin Korosten adlı kiçik şəhərində isə sanki hələ də Şura hökuməti mövcuddur.
Unikal.org azadliq.org-a istinadən bildirir ki, 70 yaşlı Pyotr bütün ömrünü bu şəhərdə keçirib. Əvvəl pioner, sonra komsomolçu olub. Daha sonra uzun illər zavodda işləyib. Bütün ölkədə sovet abidələrinin və rəmzlərinin yığışdırılacağı barədə xəbəri televizordan eşidib.
"Deyə bilərsinizmi, Lenin bizə nə pislik edib? Mən hazırkı hökumətin bu hərəkətini dəstəkləmirəm. Qoy, hər şey necə var, elə də qalsın. Axı bu, bizim tariximizdir", -- deyir Pyotr.
Şəhər soveti Karl Marx küçəsinin, həmçinin Sovet, Lenin və Paris Kommunası küçələrinin adlarını dəyişdirməkdən imtina edib. Sakinlərin 93 faizi kommunizm rəmzlərinin saxlanmasına səs verib. Ona görə də şəhərin qonaqlarını bu gün də şura hökuməti uğrunda tətilə başlamış dəmiryolçuların abidəsi qarşılayır.

ABİDƏLƏR SÖKÜLMƏLİ, 60 KÜÇƏNİN ADI DƏYİŞMƏLİDİR

Ukrayna parlamentinin qəbul etdiyi Dekommunizasiya (kommunizimsizləşdirmə - kommunizmin qalıqlarından yaxa qurtarma) qanununun tələbinə əsasən, Korostendə, demək olar, bütün abidələr sökülməli, 60 küçənin adı isə dəyişməlidir. Bu, az qala, şəhərdəki küçələrin hamısı deməkdir.

CurrentTime-ın müxbirinin yerli əhali ilə söhbət etdiyi bir neçə saat ərzində yalnız bir gənc sakin şəhərin kommunist keçmişindən vidalaşmağa hazır olduğunu bildirib.

Həmin gənc deyir ki, tarix tarixdə qalmalıdır: "Məncə, sovet dövrünün qəhrəmanları artıq keçmişdə qalmalıdırlar. İndi artıq onların zamanı deyil. İrəli getmək lazımdır".

Şəhər rəhbəri Volodymyr Moskalenko söz verib ki, sakinlərin istəyinə qarşı heç bir hərəkət etməyəcək: "Biz vilayət Radasında keçiriləcək səsverməni gözləyirik. Mən onlara demişəm ki, küçələrin adlarının dəyişdirilməsinə və abidələrin sökülməsinə səs versəniz, sizi məhkəməyə verəcəyəm. Çünki əvvəla, onların bu məsələdəki səlahiyyəti hələ dəqiq müəyyən olunmayıb. İkincisi, qanunvericiliyə görə, şəhərdə nəyisə sökmək və ya hansısa adı dəyişmək üçün rəy sorğusu keçirib, xalqın razılığını almaq lazımdır. Xalq da buna razı deyil".

Son söz Ukrayna Radasınındır. Deputatlar Korosten şəhəri başçısının qərarını dəstəkləməsələr, onda sakinlər məcburən kommunizm dövrünün büstləri ilə vidalaşmalı, yaşadıqları küçələrin adlarını isə dəyişməli olacaqlar.

 "SOVET ŞAMPANI" YOX OLDU

2015-ci ilin aprelində Ukrayna parlamenti Dekommunizasiya (kommunizimsizləşdirmə) haqqında qanun paketi qəbul edib. Qanuna görə, ölkədə Kommunist Partiyasının rəmzlərindən istifadə qadağandır. Bundan başqa, sözügedən qanun Sovet dövrü və partiya rəhbərliyi ilə bağlı olan adların da dəyişdirilməsini tələb edir.

Bu qanuna görə, Kiyevdə Moskva prospektinin adı dəyişdirilib. Tyaçev rayonunun Kalina kəndində Lenin küçəsi tanınmış musiqiçi və müğənni John Lennon-un adı ilə əvəzlənib.

Dekommunizasiya haqqında qanun hətta şəraba qədər gəlib çıxıb. Kiyev Şərab Zavodu 60 ildən artıqdır buraxdığı "Sovetskoye" adlı şampan şərabının adını dəyişib. İndi bu şərab "Sovetovskoye" (Məsləhətli) adı ilə buraxılır. "Böyük Vətən Müharibəsi" termini isə "İkinci Dünya müharibəsi" termini ilə əvəz olunub.

Sözügedən qanunla İkinci Dünya müharibəsi zamanı həlak olanların yad edilməsi zamanı Sovet rəmzlərindən istifadə də qadağan olunur.