Rəfiqələrinin kirayə yaşadığı mənzilə gələrkən özü ilə satlıq ətir, parfümeriya və bijuteriya gətirib. Bir neçəsini keçmiş rəfiqəsinə "sırıya bilib. Bundan savayı, işlənmiş telefonu da ona 300 manata satıb. Telefonun pulunu alarkən gözü rəfiqəsinin sellofana yığdığı pullara sataşıb. Cəmi bir neçə gündən sonra rəfiqələrinin hər ikisini sevgilisinə bıçaqlatdırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran şəhər sakini, 27 yaşlı Şəhriyar Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən il avqustun 30-da gecə saatlarında Nizami rayonu, Qara Qarayev prospekti, 61 ünvanında baş verib.
Şəhriyar Əlizadə həmin ünvandakı binanın girişində Vüsalə Saramanova və Elnarə Mikayılovaya hücum edərək, onlara ağır bədən xəsarəti yetirib. Cinayətin törədilməsində Ş.Əlizadənin sevgilisi, həmçinin zərərçəkmişlərin rəfiqəsi Eleonora Osmanovanın da əli olduğu müəyyən edilib. E.Osmanova saxlanılsa da, sonradan sərbəst buraxılıb və istintaq dövründə şahid qismində dindirilib.
Törətdiyi əmələ görə Ş.Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan isə Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə) maddəsinə tövsif edilib.
"Onlardan pul istəməmişəm, belə şey olmayıb
Təqsirləndirilən Şəhriyar Əlizadə ifadəsində "Hoqqa restoranının zirzəmisində yerləşən "Dəniz gecə klubunda işlədiyini, Vüsalə ilə Elnarəni sevgilisi Eleonora Osmanovanın vasitəsilə tanıdığını göstərib. O, ifadəsində Eleonoranın Elnarəyə telefon satmasını, münaqişənin də bu üzdən baş verdiyini deyib: "Elnarə dəfələrlə zəng vurur, mübahisə edirdi. Növbəti dəfə telefonu Eleonoradan alıb Şəhriyar olduğumu dedim, Elnarə söyüş söyüb telefonu söndürdü. Onun yaşadığı ünvanı Eleonoradan öyrəndim. Gecə saatlarında Elnarənin kirayə yaşadığı binanın yanına gəldim. Saat 4 olardı. Gördüm, binanın qarşısında taksi dayandı, iki qadın düşdü. Eleonora dedi ki, gələn Elnarəgildir.
Ş.Əlizadənin ifadəsinə görə, Eleonoraya avtomobildə oturmasını tapşırıb, özü isə maşından düşüb qızlara yaxınlaşıb, üzünü Elnarəyə tutub bir az əvvəl söydüyü oğlan olduğunu deyib: "Bu vaxt Vüsalə liftin düyməsini basdı, qapılar açıldı. Onların arxasınca liftə keçdim. Elnarədən nə səbəbə söyüş söydüyünü soruşdum, Vüsalə arxadan çantası ilə məni vurdu. Elnarə yaxamdan yapışdı, Vüsalə əl-qol atmağa başladı. Özümü qorumaq üçün şalvarımın cibindəki bıçağı çıxarıb qızlara sarı hərəkət etdirdim. Lift dördüncü mərtəbədə dayananda düşüb qaçdım. Mən onlardan pul istəməmişəm. Belə bir şey olmayıb.
"Gecəni bizdə qalmaq istədi, razılaşmadım
Zərərçəkmiş Elnarə Mikayılova ifadəsində göstərib ki, iş yoldaşı Eleonora Osmanova ona 300 manata mobil telefon satdığını, o da öz növbəsində oğluna almaq istədiyini deyib, razılaşıblar. Görüşüb telefonun nasaz olub-olmadığını yoxlamaq üçün telefon ustalarına göstəriblər: Eleonoraya dedim ki, gedək, pul evdədir, telefonun pulunu verim. Avtomobil almaq üçün 4 min manat pul yığmışdım, şkafda gödəkçəmin cibində saxlayırdım. Sellofana bükülmüş pulları çarpayının üstünə qoyub içərisindən 300 manat çıxarıb Eleonoraya verdim.
Pulu görən rəfiqəsi bir həftəyə qaytarmaq şərtilə Elnarədən borca pul istəyib. Elnarə isə cavabında "birlikdə yaşadığım adam qoymur borca pul verməyə, bu pulları işləyib qazanmışam deyib. Həmin gün axşam saatlarında Eleonora ardıcıl olaraq zəng vuraraq üzüyünün onların evində düşüb itdiyini bildirib. Elnarə evdə olmadığını, sonra axtaracağını desə də, xeyri olmayıb: "Artıq onun zənglərindən əsəbiləşmişdim. Vüsalə dedi ki, Eleonora üzüyü itirməyib, evdən çıxanda barmağında idi. Həmin gün Eleonora Şəhriyarla dalaşdığını, bizdə qalmaq istədiyini desə də, razışmadım.
"Dedim, ürəyim, sənə nə lazımdır?
E.Mikayılovanın ifadəsinə görə, həmin ərəfədə özünün və rəfiqəsi Vüsalənin VAZ 2107 markalı avtomaşın tərəfindən izlənildiyini hiss edib. İzlənmə hadisə baş verən günə qədər davam edib. İşdə olarkən gizli nömrələrdən zənglər gəlib, evə nə vaxt qayıdacağı ilə maraqlanıblar. Tanımadığı adamın onunla bu qədər maraqlanmasından əsəbləşən E.Mikayılova onu elə telefondaca söyüb. Gecə saat 2 radələrində Zabrat qəsəbəsinə gedərkən həmin "naməlum şəxs yenə də zəng vurub. Yenə də kim olduğunu soruşduqda "gələndə görərsən məzmunlu cavab verib: Zabratda görüşdüyümüz şəxs hərəmizə 40 manat verəcəyini dedi. Pulları Vüsaləyə saxlamağa vermişdim. Biz geri qayıdanda çox gec idi. Bloka girəndə ayaq səsləri gəldi. Liftə daxil olduqda bir nəfər içəri soxuldu, əlində bıçaq vardı. Dedim, kimsən, sənə nə lazımdı? Bıçaqla gah məni, gah da Vüsaləni vurdu. Vüsalə ondan "ürəyim, sənə pul lazımdır, pul istəyirsən? deyə soruşduqda başı ilə təsdiq etdi. Vüsalə həmin gün işləyib qazandığı 300 manatı ona verdi. Mən də gün ərzində qazandığım 270 manatı əlim qanlı formada çıxarıb Şəhriyara verdim.
Şəhriyar pulları və açarları onlardan aldıqdan sonra Elnarəylə Vüsalə qorxularından liftdən çıxmayıblar. Yaralı vəziyyətdə liftin içərisində gah yuxarı qalxıblar, gah aşağı düşüblər. Şəhriyarın mənzildə olacağından, onlara xəsarət yetirəcəyindən ehtiyatlanıblar: Çoxlu qan itirdiyimdən yerə yıxıldım. Şəhriyarın bizim pullarımızı ələ keçirməsində Eleonoranın əli var. Çünki evdə 4 min manat pul, üstümdə isə həmişə 300-400 manat olduğunu bilirdi.
Zərərçəkmiş Vüsalə Saramanova da eyniməzmunlu ifadə verib. Məhkəmə prosesi davam edir.