Azərbaycan Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış "Qafqaz üçlüyü filmi ilə məlumat yayıb.

Unikal.org-un məlumatına görə, xəbərdə qeyd olunur ki, kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış "Qafqaz üçlüyü filmi son illər ermənipərəst dairələrin Azərbaycan dövlətinə və xalqına qarşı apardığı məqsədli iftira, qarayaxma kampaniyasının tərkib hissəsidir və ikrah doğuran bir fakt kimi bütün cəmiyyətimiz tərəfindən qəti şəkildə pislənilir:

"Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti başlayan ilk gündən düşmən ölkənin, dünyadakı erməni lobbisinin bütün resursları Azərbaycan xalqını qəddar, davakar, ermənilərə qənim kəsilmiş bir xalq olaraq tanıtmağa və bununla Dağlıq Qarabağdakı separatçılığa əsas qazandırmağa yönəldilib. Təəssüf ki, bu işdə bəzi "sapı özümüzdən olanlar da düşmənin məkrinə alət olaraq doğulduğu torpağa, mənsub olduğu xalqa qarşı çirkin fəaliyyət göstərirlər".

Bildirilir ki, R.İbrahimbəyovun bu istiqamətdə fəaliyyəti artıq neçə illərdir davam edir və o, çoxdan tükənmiş "yaradıcılıq gücünü şəxsi maraqlar naminə erməni ünsürlərlə əlbir olaraq Azərbaycan xalqını aşağılamaq, onu mədəniyyətsiz, milli kökləri olmayan xalq kimi göstərmək yolunda sərf edir. "Qafqaz üçlüyü filmi bu idbar, eybəcər yaradıcılığın daha bir nümunəsidir. İndiyədək müxtəlif müsahibələrində ermənilərin ünvanına səsləndirdiyi rəğbət dolu fikirlər, Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd qüvvələrin günahkar olduğunu dilə gətirməsi onun bu mövqeyini cəmiyyətə yetərincə nümayiş etdirib.

Məlumatda deyilir ki, "Qafqaz üçlüyü filmində Azərbaycan xalqını riyakar, mədəniyyətsiz kimi təqdim etmək zaman-zaman erməni diaspor təşkilatlarının, erməni millətçilərinin apardıqları anti-Azərbaycan təbliğatının davamıdır. Bu filmin ortaya çıxması R.İbrahimbəyovun əsl simasını bir daha ortaya qoyur:

"Son illərdə bədii dəyərə malik bir ekran əsəri, kino layihəsi ilə ortaya çıxarmağa müvəffəq olmayan Rüstəm İbrahimbəyov yalnız belə siyasi sifarişli, məqsədli "film-parodiyalarla gündəmdə qalmağa çalışır. Başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulan "Qafqaz üçlüyü filminin onun yaradıcılıq bioqrafiyasında qara ləkə olaraq qalacağı şübhə doğmur və Rüstəm İbrahimbəyov bununla Azərbaycan xalqının haqlı nifrətini qazanmışdır".

Mədəniyyət Nazirliyi R.İbrahimbəyovun ssenarisi əsasında Azərbaycan xalqını aşağılayan, onun milli hisslərini təhqir edən, cılız siyasi məqsədlər güdən belə bir eybəcər "filmin çəkilməsini qəti şəkildə pisləyir, yaradıcılığının son illərini vətənə, içərisindən çıxdığı xalqa dönük insan olaraq yaşayan kinodramaturqun bu ikrah doğuran əməllərindən dərin təəssüf hissi keçirdiyini bəyan edir.