Hamının sürətlə hərəkət etdiyi küçədə yalnız onun bir küncə çəkilib dayanması və qarşısındakı xiyarla dolu araba, arabir "xiyar var, kilosu 50 qəpik" deyə çağıran zəif səsi, əynindəki, bəlkə də, gəncliyindən qalma kostyumu, yaşının 80-ə yaxınlaşdığını göstərən qırışmış sifəti məni ayaq saxlamağa vadar etdi. Yolumdan qalıb satdığı tərəvəzdən almaq, onu söhbətə tutub buraya gətirən səbəbləri öyrənmək qərarına gəldim.
Piştaxta kimi istifadə etdiyi köhnə uşaq arabası idi. Üstünə iki karton qutu bərkitmiş, içini xiyarla doldurmuşdu. "Neftçilər" metrostansiyasının ətrafındakı ara küçələrdə səyyar satıcılıqla çörəkpulu qazanırdı. Ayağındakı bir tərəfi cırılmış rezin tərlik başındakı köhnə papaqla heç uyğunlaşmırdı.
Söhbət əsnasında öyrənirəm ki, bu qocanın adı Əhməddir və 76 yaşı var. Vaxt qazanıb söhbəti uzatmaq üçün xiyarlardan birini kəsdirib dadına baxıram, haradan gətirildiyini, necə yetişdirildiyini soruşuram.
O ayağa qalxıb, peşəkar satıcı kimi malı yaxşıca tərifləyir və ikiyə bölünmüş xiyarın yarı hissəsini soyub mənə verir. "Di indi ye, bax, gör" deyə malından arxayın şəkildə səslənir.
Əhməd babanın çox də mahir satıcı olmadığı və bu işə yeni başladığı bəlli olurdu. Arabanın üstünə məhsulun qiymətini yapışdırmaq əvəzinə hər keçən müştəri üçün "xiyar 50 qəpik" deyə səslənirdi. Dəftərçəmdən bir vərəq cırıb, 50 qəpik yazıb qutunun üstünə yapışdırıb, onu bu əziyyətdən qurtarıram. Məmnun görünür, razılıq edir... Beləcə, aramızdakı buzlar əriyir.
Xiyardan 2 kiloqram alıb söhbətə davam edirəm. Məlum olur ki, Əhməd baba bu yaşda olmasına baxmayaraq qürurlu və zəhmətkeş biridir. Ahıl vaxtında niyə bu cür əziyyətə qatlaşdığını soruşanda hətta xətrinə dəyir: "Oğlum mən nə dilənçiyəm, nə də biçarəyəm. Ayda 200 manat pensiya alıram. Bu işi isə gündəlik qazancım üçün edirəm. Öz zəhmətimlə çörəkpulumu qazanıram. Evdə oturub, neyləyəcəm ki?.. Ya seriala baxacağam, ya da binanın qabağında qocalarla "şeş-beş" oynayacağam. 76 yaşımın tamamına az qalıb, bir ayağım qəbirdədir. Oturaq ölməkdənsə, ailəmə yük olmaqdansa işləyib, çörəkpulu qazanıram".
Heç özünü sındırmır və hətta bu durumdan müsbət nə isə çıxartmağa çalışır: "Bilirsən, oğul balam, məni saxlayan bu çöldür, havadır. Evdə otursaydım, indi çoxdan ölmüşdüm, bəlkə də... Ancaq bütün gün təmiz havadayam. Bu hava məni cavan saxlayır".
Dili bu sözləri desə də, duruşu, görkəmi həqiqətin heç də belə olmadığını göstərir. Təbii ki, Əhməd baba buraya sadəcə vaxt öldürməyə, başını qatmağa, ya da hava almağa gəlməyib.
Bir qədər də ağzını aradıqdan sonra məlum olur ki, böyük bir ailənin başçısı olan oğlu bir ildir ki, işdən çıxarılıb. Ailənin yeganə gəlir mənbəyi kəsildiyindən, Əhməd baba da arabasını götürüb bu işə başlayıb. Oğlunun gəlirinin az olmasına, ailənin çətinlik çəkməsinə göz yuma bilməyib. Ailədə 5 nəfərdirlər, oğlu, gəlini və nəvələri... İndi onların gözü Əhməd babanın əlindədir.
Bir haşiyə çıxaraq qeyd edim ki, qəhrəmanım Qax rayonunun Almalı kəndində doğulub. Ali təhsillidir, Energetika İnsitutunu bitirib və Sovet höküməti vaxtında zavodlarda mühəndis vəzifəsində işləyib. Sovet hökuməti dağıldıqdan sonra ailəsi ilə Bakıya gəlib. O vaxtdan da paytaxtda məskunlaşıb. Hazırda Nizami rayonunda, "8-ci kilometr" bazarı yaxınlığında yaşayır.
Əhməd baba bu xırda ticarətini çox sadə formada həyata keçirir. Səhərin erkən saatlarında arabasını götürüb, bazara yollanır. "8-ci kilometr" bazarının topdansatış bölməsindən ucuz və keyfiyyətli tərəvəz alır. Kisə ilə aldığı malın hər kiloqramının üstünə 20 qəpik qoyub, şəhərin ara küçələrində satır. Bu yolla gündəlik 10-12 manat qazancı olur. Gün ərazində 40-50 kiloqram tərəvəz satır.
Axşam saatlarında isə yenidən bazara qayıdır, qazandığı pula bazarlıq edərək evinə yollanır. Əhməd babanın bir günlük iş rejimi bax, belə keçir.
Lakin onun bu xırda ticarətində mane olanlar, 5-10 manatı da ona çox görənlər var: "Əsas küçədə satmağa icazə vermirlər. Bu səbəbdən də ara küçələrdə, gizlində satıram. Hər yerdə kameradır, maşallah (gülür). Ona görə metronun ətrafına hərlənmirəm. Elə buradaca satıram".
Axşam saat 7-dir. Əhməd baba aldığı tərəvəzləri satıb, bitirib.
"Bu gün də belə, satdım, qurtardı. Evə gedirəm. Bazara gedəcəm, ev üçün bazarlıq eləməyə", - deyib sağollaşır.
Arabasını sürərək asta addımlarla yola düşür. Qəhrəmanımı sona qədər izləyirəm. "Neftçilər" metrostansiyasından "8-ci kilometr" bazarına qədər təxminən 2 kilometr yolu piyada gedir. Yol gedərkən bu ahıl yaşdakı qocanın yorğunluğu hiss olunurdu. Hər 20 metrdən bir dayanıb, evdən gətirdiyi dürməkdən bir dişlək alaraq yoluna davam edir. Təxminən 20 dəqiqəyə bazara çatır.
Əhməd dayı bazarlığa başlayır. Arabası ilə piştaxtaların arasında gəzir, meyvənin-tərəvəzin qiymətini soruşur. Bəzi satıcılarla mübahisə də edir. Pomidorun "qiymətini öldürüb" 2 kiloqram ev üçün alır, bazarda xiyarın qiymətini də araşdırıb, sabah alacağı məhsulu satıcı ilə razılaşdırır.
Onun dediyinə görə, indi xiyarın mövsumi olduğu üçün qiymətlər tez-tez dəyişə bilir. Gərək bazarı axşam yaxşı öyrənəsən ki, sabah ziyana getməyəsən. Xiyar satıcısı ilə bir qədər mübahisədən sonra Əhməd dayı bu gün satdığından da ucuz qiymətə 34 kiloqram xiyar alır.
Bu da o deməkdir ki, sabah yenə hamının şirin yuxuda olduğu alaqaranlıqda Əhməd baba bazara yollanacaq və gündəlik 10 manatını qazanmağa çalışacaq...
Yeni Müsavat