Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Nəqliyyat təhlükəsizliyi mövzusunda illik Sammiti keçirilib.

Unikal.org-a daxil olan məlumata görə, sammitdə BNF üzvü ölkələrin nəqliyyat üzrə məsul nazirləri, biznes nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı tədqiqatçılar iştirak ediblər.

Azərbaycanı sammitdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə nəqliyyatda təhlükəsizliyin təmin olunması, ekoloji təmiz nəqliyyatın təşkili, şəhər və regionlarda "ağıllı nəqliyyat sisteminə keçid, nəqliyyat və iqlim dəyişiklikləri, səmərəli avtomobil daşımaları üçün maneələrin aradan qaldırılması, nəqliyyatın rəqəmsal avadanlıqlardan asılılığı və digər mövzular ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının çıxışları dinlənilib.

Ramin Quluzadə nəqliyyatda təhlükəsizlik və avtomobil daşımaları sahəsində maneələrin aradan qaldırılması mövzuları üzrə keçirilən nazirlər sessiyasında çıxış edib.

Nazir ölkəmizdə qeyd olunan sahələrdə həyata keçirilən layihələr, görülən işlər, həmçinin nəqliyyat və logistika sahəsində informasiya-kommunikasiya texnologiyalarının, innovativ sistemlərin tətbiqi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Bundan başqa, tədbir çərçivəsində Ramin Quluzadə və Latviya, Ukrayna, Moldova respublikalarının sahə üzrə müvafiq qurumlarının rəhbərləri, eləcə də, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibi arasında ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə nəqliyyat sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.