Gürcüstanın paytaxtı Tbilisidə hökumət əleyhinə etiraz aksiyaları yenidən başlayıb.

Unikal.org xəbər verir ki, parlament binası önündə toplaşan etirazçılar hökumətin istefasını tələb edirlər.

Artıq 3 gündür ki, davam edən aksiyalara səbəb qətlə yetirilmiş iki yeniyetmənin işi üzrə istintaqın qeyri-obyektiv aparılmasıdır. Aksiya iştirakçılarının fikrincə, ölkədə prokurorluq və məhkəmə orqanları korrupsiyalaşıb. Bunun günahkarı isə indiki hakimiyyətdir.

Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Xortava küçəsində 51 nömrəli məktəbin iki şagirdi aldıqları bıçaq yarasından dünyalarını dəyişib. Məhkəmə şagirdləri qətlə yetirən iki nəfərdən birini azadlığa buraxıb, digərinin cinayət işində maddələri dəyişərək ona yüngül cəza verib. Ölən şagirdlərin valideynləri bunda prokurorluq orqanlarını günahkar sayaraq aksiyaya başlayıblar. Baş prokuror ittihamlara və aksiya iştirakçılarının tələbinə uyğun olaraq istefa verib.