Masallı rayonunun Kalinovka kəndində şəhid Nurlan Bayram oğlu Əsgərlinin adına verilmiş küçənin açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin Masallıdan seçilmiş deputatları, rayon ictimaiyyətinin nümayəndələri, KİV əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, N. Əsgərli 1995-ci il dekabrın 3-də Masallı rayonunun Kalinovka kəndində anadan olub. 2014-cü ilin yanvar ayında Masallı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2015-ci ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirib.
2016-cı il aprelin 4-də cəbhənin Tərtər rayonundakı təmas xəttində gedən gərgin döyüşlərdə şəhid olub. Kənd qəbiristanlığında dəfn edilib.(APA)