Bu gün axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də baş verən yol qəzasının təfərrüatları məlum olub.
Unikal.org report.az-a istinadən bildirir ki, axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Şəki rayonu, 1953-cü il təvəllüdlü Göybulaq kənd sakini Firudin Ziyadxan oğlu Təhməzovun idarə etdiyi "99-HA-745" qeydiyyat nişanlı "Niva" markalı avtomobilin yol kənarında dayanan və 1986-cı il təvəllüdlü Qax sakini Muradov Ruslan Ümüd oğluna məxsus olan "62-T-177" qeydiyyat nişanlı "Traktor"a çırpılması nəticəsində baş verib.
Nəticədə "Niva"da olan bir qadın sərnişin dünyasını dəyişib. Sürücü və digər bir sərnişin isə yaralanıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir az sonra xəsarət alan digər qadın sərnişini də vəfat edib.
Qəza nəticəsində ölən 2 nəfərdən ana Səlihə Muradova və qızı Xanpəri Muradova olub.
Xanpəri Muradova Qax rayon İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur.
Ölənlər sürücünün həyat yoldaşı və qayınanası olublar.