Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri "Kids studio uşaq bağçasında olub.
Unikal.org-un APA TV-yə istinadən məlumatına görə, RİH nümayəndələri uşaq bağçasında baş vermiş zorakılıq faktını araşdırmaq üçün müəssisəyə gəliblər.
"Kids studio uşaq bağçasının müdiri Nigar Müseyibova bildirib ki, tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini əks etdirən görüntülərdən xəbəri olmayıb. Onun sözlərinə görə, bağçada uşaqlara qarşı zorakılıq edən tərbiyəçi işdən uzaqlaşdırılıb.
Valideynlərin bağçada baş verənləri onlayn qaydada izlədiyini vurğulayan N. Müseyibova qeyd edib ki, müəssisə bundan sonra fəaliyyət göstərməyəcək.
O əlavə edib ki, görüntüləri bağçanın qəbul şöbəsində çalışmış xanım yayıb.
Qeyd edək ki, azxeber.com saytı Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıb. Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.