"Dağlıq Qarabağda aprelin 1-dən 5-dək olan hərbi əməliyyatların təşəbbüskarının Ermənistan olduğu deyildi. Yəni bizim silahlı təxribata əl atdığımız söyləndi. Belə deyil. Minsk Qrupunun həmsədrlərinə də bildirdik ki, Dağlıq Qarabağ münaqişəsi zonasında status-kvonın, əbədi müharibə təhlükəsinin qalmasını istəmirik".
Ermənistan prezidenti Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanadan, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən İrəvana qayıdarkən təyyarəsində erməni jurnalistlərin suallarını cavablayarkən belə deyib.
S.Sarkisyanın dediyinə görə, danışıqlarda yalvaran, xahiş edən, təvəqqe edən tərəf qismində çıxış etməyib və bu barədə deyilənlər, yazılanlar "həqiqətə uyğun deyil": "Sadəcə, Minsk Qrupunun həmsədrlərinin təkliflərini inkişaf etdirdim. Bu nə yalvarmaqdır, nə də xahiş etmək. Biz yenidən müharibəyə başlamaqda maraqlı deyil. Mən də yalvarmamışam, sadəcə cəbhə xəttində monitorinq vasitələrinin quraşdırılması təklifini dəstəklədim. Bu təklif Dağlıq Qarabağdakı hərbçilərimizin oradan çıxarılmasını nəzərdə tutmur".
Ermənistan prezidentinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunda həmsədr olan ölkələrin sayı arta bilər.
"Lragir"in verdiyi xəbərə görə, Ermənistan prezidentinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun müşahidə missiyasının heyəti keyfiyyət və kəmiyyət baxımından da dəyişəcək, müşahidəçilərin sayı artacaq.
Minsk Qrupunun həmsədrləri bununla bağlı heç bir açıqlama verməyiblər.
S.Sarkisyan daha sonra vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun müşahidə missiyasının heyəti artmaqla yanaşı, avadanlıqlar və müşahidə vasitələrinin sayı da çoxala bilər: "Elə bu səbəbdən də növbəti görüşün müşahidə və monitorinq vasitələrinin quraşdırılmasından sonra keçirilməsini təklif etdim".
Ermənistan prezidenti daha sonra Dağlıq Qarabağdakı "dördgünlük müharibə"nin nəticələrindən danışıb, məğlubiyyəti birbaşa etiraf edib.
Azərbaycanın işğal olunmuş ərazilərini "təhlükəsizlik zonası" adlandıran S.Sarkisyan deyib: "Biz Dağlıq Qarabağın ətrafında 800 min hektar əraziyə nəzarət edirik, həmin ərazilər də təhlükəsizlik zonamızdır. Döyüşlərdə 800 hektar ərazi itirdik. İtirilmiş ərazilərin bizim üçün nə strateji, nə taktiki əhəmiyyəti var. Bəs yaxşı, həmin əraziləri geri qaytarmaq üçün döyüşlər aparsaydıq, nə qədər hərbçi itirərdik? Gəlin əraziləri insan həyatları ilə ölçək".
milli.az