Son bir neçə il ərzində Ukraynadan Azərbaycana taxıl ixracı azalıb.
Unikal.org anspress-ə istinadən bildirir ki, bu barədə "APK-Inform" nəşrinə taxıl ixracı ilə məşğul olan Azərbaycan şirkətlərindən birinin rəhbəri Rəfail Mahmudov deyib.
O, azalmanın əsas səbəbini əlverişsiz logistika şərtləri ilə əlaqələndirib. "Rusiya və Ukrayna arasında siyasi vəziyyətin pisləşməsi ilə əlaqədar son bir neçə mövsüm ərzində Xəzər və Qara dəniz regionunda taxıl məhsullarının bazara çıxışı mürəkkəbləşib. Çünki Ukraynadan ixrac olunan taxıl Azərbaycana Gürcüstanın Poti limanından keçməklə dəniz yolu ilə çatdırılır", - deyə şirkət rəhbəri bildirib.
"Bu hal baş verəsə belə, taxılla təminatda heç bir problem olmayacaq".
Rəfail Mahmudov bildirib ki, dənizlə daşımalar quru yolundan daha baha başa gəlir: "Bu səbəbdən Azərbaycana taxıl məhsullarının gətirilməsində azalmalar qeydə alınıb". Azərbaycan daxili və xarici imkanlar hesabına əhalini taxılla təmin edir.
Ümumilikdə, Dövlət Taxıl Fondu hər il ehtiyat üçün aldığı 800 min ton buğdanın əsas hissəsini idxal edir. Məhsuldarlığın aşağı olması üzündən Azərbaycan hər il 1,4 milyon tona yaxın buğda idxal etməyə məcbur olur. Bununla bağlı hər il ölkədən 250 milyon dollara yaxın pul çıxır. Həmçinin 2015-ci ildə Azərbaycanda 1,7 milyon ton buğda yığılıb.
Ukraynadan taxıl idxalında problemlərin yaranması ilə bağlı iddialara münasibət bildirən Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov ANS-ə açıqlamasında deyib ki, nazirlikdə Azərbaycana taxıl idxalın azalması barədə məlumat yoxdur. "Həmçinin Azərbaycanın yetəri qədər taxıl ehtiyatı var. Bu hal baş verəsə belə taxılla təminata heç bir təsir göstərməyəcək", - deyə İmran Cümşüdov bildirdi.
Ümumilikdə, Ukrayna Azərbaycan əhalisinin taxılla təminatına əsas rola malik olan dövlətlərdəndir. Əlbəttə ki, Rusiya ilə Ukrayna arasında baş verən gərginlik regoinun siyasi mənzərəsinə təsir etdiyi kimi iqtisadi siferasınada təsirsiz ötüşmür.
TRACECA nəqliyyat dəhlizi çərçivəsində daşımalar 12% azalıb.
Rusiya ilə əlaqələrin pisləşməsi nəticəsində rəsmi Moskvanın Ukraynanın yük maşınlarına və qatarlarına ölkə ərazisində keçməyə icazə vermir. Rusiya Ukrayna mallarına qarşı bu qadağanı 2016-cı il yanvarın 1-dən tətbiq edir. Həmin vaxtdan etibarən Ukrayna Rusiyadan kənar yollardan öz məhsullarını xaricə çıxarmağa məcbur olub.
Rəsmi Kiyev gərgin danışıqlardan sonra yanvarın 14-də Ukrayna, Azərbaycan, Qazaxıstan və Gürcüstan rəqabətqabiliyyətli, güzəştli tariflərlə yük daşınması üçün bu nəqliyyat marşrutu üzrə protokolu imzalayıb.
Adıçəkilən marşrut üzrə ilk sınaq qatarı yanvarın 15-də Ukraynanın İlyiçovsk limanından yola çıxıb. Yanvarın 22-də Bakının Ələt, yanvarın 23-də isə Aktau limanına çatıb.
20 vaqondan ibarət sınaq qatarı İlyiçovsk limanından "İpək yolunun" yeni marşrutu üzrə - Ukrayna-Qara dəniz-Gürcüstan-Azərbaycan-Xəzər dənizini-Qazaxıstan-Çin - keçərək yanvarın 31-də Çinin "Dostık" stansiyasına çatıb. Bu dəhlizə sonrakı mərhələdə Avropa dövlətlərinin qoşulaçağı bildirildi.
Amma sonrakı məlumatlar yeni yaradılan nəqliyyat dəhlizinin yükdaşımada o qədər də effektiv olmadığını ortaya çıxarıb. Çünki Ukraynadan Çinə yük aparan hər qatar iki dəniz (Qara və Xəzər dənizləri) keçmək məcburiyyətində qalır. Dəniz nəqliyyatının faliyyətinə hava şəraiti təsir etdiyi, həmçinin böyük xərc aparması dəhlizin inkişaf etməsinə təsir edən məsələlərdəndir.
Burada əsas problemlərdən biri isə daşınma qiymətlərinin yuxarı olmasıdır. Rəsmi Kiyev Rusiya ərazisindən istifadə etdikdə 5 min dollar pul ödəyib. Buna görə də yeni dəhlizdə yerləşən dövlətlərlə ortaq tariflərin müəyyən edilməsinə çalışdı. Amma Ukrayna - Qara dəniz - Gürcüstan - Azərbaycan - Xəzər dənizi - Qazaxıstan(Orta Asiya) - Çin marşurutu üzrə 5-dən çox dövlət yerləşir. Həmin dövlətlərin hər birinin öz iqtisadi maraqları var. Bu səbəbdən hələ ki, vahid tarif sisteminin müəyyən edilməsi ətrafında nəticə əldə olunmayıb.
Bütün bunlar Azərbaycanla yanaşı regionun digər dövlətlərinin iqtisadi vəziyyətinə təsir edir. Çünki dövlətlərin əksəriyyəti öz nəqliyyat və iqtisadi imkanlarından siyasi təsir vasitəsi kimi istifadə edirlər. Bu halın Ukrayna və Rusiya arasında yaranan münaqişə zamanın aydın formada şahidi olduq. Ona görə də Azərbaycanın müvafiq qurumları ölkənin ərzaq təhlükəsizliyinə daha çox diqqət göstərməlidir ki, xarici dövlətlərdən asılılıq tamamilə aradan qaldırılsın.