Seçiciləri Malik Həsənovun fəaliyyətindən narazıdır
Seçiciləri Malik Həsənovun fəaliyyətindən narazıdır

Komitə sədrinin qardaşı seçicilərindən niyə qaçır?

67 saylı Cəlilabad şəhər seçki dairəsindən deputat, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənovla seçicilər arasında problemlər yaranıb. Özünü millət vəkilinin seçicisi kimi təqdim edən bir qrup rayon sakini tərəfindən daxil olan şikayətdə iki ildir deputat mandatı daşıyan Malik Həsənovun fəaliyyətsizliyindən və seçicilərinə olan laqeyd münasibətindən söz açılır.

Qaynarinfo saytına yaydığı məlumata görə "Son parlament seçkilərində Malik Həsənov öz adamları ilə birgə qapı-qapı düşərək, hər birimizi seçkilərdə ona dəstək verməyə çağırırdı. Əgər deputat seçilərsə bizim problemlərimizi həll edəcəyinə, mütəmadi olaraq bizimlə görüşlər keçirəcəyinə vəd verirdi. Biz də onun bu dediklərinə inandıq. Düşündük ki, Komitə sədri olan qardaşının köməyi ilə rayonun inkişafı üçün ciddi işlər görəcək.
Artıq üstündən iki il keçib. Amma buna baxmayaraq, Malik Həsənovu "gördüm" deyən olmayıb. Dəfələrlə deputata yazılı şəkildə müraciətlər etsək də, etdiyimiz bütün şikayətlər cavabsız qoyulub. Bununla bağlı deputatın yaxın ətrafına daxil olan şəxslərə iradlarımızı bildirsək də, onlar Malik Həsənovu bizim seçmədiyimizi deyirlər. Yox əgər, həqiqətən də Malik Həsənovu biz seçməmişiksə, onda niyə bizdən dəstək gözləyirdilər?! Elə zamanında özləri seçəydilər, biz də biləydik ki, deputatın bizə heç bir əlaqəsi yoxdur. Saytınız vasitəsilə hörmətli deputatımıza səslənərək, onu vaxtı olanda seçicilərlə də maraqlanmağa çağırırıq. Onsuz da vəziyyətimiz yaxşı deyil, çətin sosial-iqtisadi problemlər məngənəsindəyik. Yaxşı olar ki, Malik müəllim verdiyi vədlərin üzərində dayanaraq, bizi də diqqətdə saxlasın".
İttihamlarla bağlı deputat Malik Həsənovun mövqeyin öyrənmək istəsəkdə ona nail ola bilmədik.
İlkin