Azərbaycan prezidenti İlham Əliyev Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının sabiq sədri, AŞPA-nın fəxri sədri Rene van der Lindeni qəbul edib.

Unikal.org xəbər verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin fəal şəkildə inkişaf etdiyini vurğulayan dövlət başçısı bu işdə Rene van der Lindenin səylərini yüksək qiymətləndirib. Ölkələr arasında qarşılıqlı maraq doğuran məsələlərin daim artdığını deyən İlham Əliyev iki dövlətin biznes sahəsində əməkdaşlığına toxunaraq getdikcə daha çox Niderland şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini qeyd etdi. Niderlandın Maastrixt Universiteti ilə Azərbaycanın "ADA" Universiteti arasında qurulan əlaqələrin strateji əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı bütün bunları əməkdaşlığımızın müsbət göstəriciləri kimi dəyərləndirib.

Rene van der Linden hər iki tərəfin bu əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəmədiyini deyib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, o cümlədən Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.