Qərbi Kaspi Universiteti (Western Caspian University) magistlarını işlə təmin edəcək. Universitetin magistr pilləsinə qəbul olunacaq tələbələrə yenicə başlanmış "101 kitab layihəsi çərçivəsində müxtəlif vakansiyalar təklif olunacaq.
Unikal.org xəbər verir ki, tərcüməçi, redaktor, korrektor, mətbəə işi istiqamətləri üzrə bacarıqlara sahib olan magistrlar universitetdə təhsil almaqla yanaşı, həm də işləyə biləcəklər.
Məlumat üçün bildirək ki, "101 kitab layihəsi dünya ədəbiyyatının ən yaxşı nümunələrinin, müxtəlif xarici dillərdə olan və tələb olunan dərslik və dərs vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilərək çap olunmasını nəzərdə tutur.
Qeyd edək ki, hazırda universitetin onlarla məzun və tələbəsi bu ali təhsil ocağının laboratoriyalarında, mərkəzlərində müxtəlif vəzifələrdə, o cümlədən müəllim kimi fəaliyyət göstərir.
Qərb Kaspi Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirir. Tələbələrə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları öyrədilir. Bununla yanaşı, tələbələr üçün işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir.
Bu ilin mart ayında Qərbi Kaspi Universiteti tərəfindən keçirilən və 50-dək şirkətin qatıldığı əmək yarmarkası tələbələr üçün yeni iş imkanları açıb. Universitetin xeyli sayda tələbəsi və məzunu bu yarmarkada iştirak edərək işlə təmin olunub və təcrübə proqramlarına qoşulub.
Universitetdə 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və universitetin məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir. Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri tapmaqda yardım edir. Universitetin tələbələri haqqında hərtərəfli məlumat informasiya bazasına toplanır. Hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir. Yarandığı gündən bəri mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olub.